Premyer-liqa
Tağızadə “Qəbələ” yolunda
Xeyli müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənar …
Xeyli müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənar qalan AZAL-ın müdafiəçisi Ruslan Tağızadə qış transfer pəncərəsi dönəmində bu komandadan ayrılacaq. Futbolinfo.az xəbər verir ki, onun “Qəbələ”yə transfer olacağı dəqiqləşib.
Futbolçu özü bu xəbəri təkzib etsə də, əyalət klubu ilə ilkin razılıq əldə olunduğu dəqiqdi. Saytımıza açıqlamasında Tağızadə bunları söyləyib:
“Hələ ki, AZAL-ın futbolçusuyam. Bu klubla may ayına kimi müqaviləm var. Düzdü, “Qəbələ”dən əvvəllər təklif almışdım. Amma indi hələ bu barədə düşünmürəm. May ayında məşqçi və klub rəsmiləri ilə görüşəcəm. Şərtlərdə razılıq əldə etsək, elə AZAL-da qalacam. Uzun müddət idi ki, zədəli idim. Azərbaycanda yox idim. Bu gündən fərdi məşqlərə başlamışam. Bu tur olmasa da, gələn tur inşallah meydana çıxmaq istəyirəm”.
Paytaxt klubunun üzvü komandasının qeyri-sabit çıxışı barədə də danışıb: “Fikrimcə, komanda yaxşı oynayır. Sadəcə, hücum xəttində problemlər var. Çoxlu qol vəziyyətləri yaratsaq da, son nöqtəni qoya bilmirik. Qarşıda “Sumqayıt”la oyunumuz var. Bu çətin qarşılaşma olacaq. Biz rəqibə yuxarıdan aşağı baxmırıq. Əks təqdirdə başımız ağrıyacaq. Düşünürəm ki, AZAL hələ öz sözünü deyəcək”.
KƏMALƏ İSMAYILOVA