Müsahibə
“Qurban Qurbanova söz verdim ki, bir də belə səhv etməyəcəm”
“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Pr…
“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Premyer Liqanın 22-ci turu çərçivəsində doğma meydanda “Səbail”ə 1:0 qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Çətin oyunlarımızdan birini keçirdik. Yanvardan bəri asan oyun olmayıb. Qalib gələ bildik. 3 xal bizim üçün vacib idi. Artıq növbəti oyunu düşünməliyik.
– Gec olsa da, bu barədə soruşmaq istərdik. Millidən kənarlaşdırılmağın və "Qarabağ”da əvəzedici heyətə göndərilməyinlə bağlı qərardan danışardın…
– Bu, haqlı qərar idi. Nə məslət gördülərsə, tabe oldum. Qurban müəllimlə də söhbətimiz baş tutdu, hər şeyi qaydasına qoyduq. Söz verdim ki, belə səhvi təkrar etməyəcəm. O da məni anladı. Həmişəki kimi yanımda oldu.
– Milliyə dəvət alacaqsan?
– Artıq bunu Qurban Qurbanovdan soruşmaq lazımdı. Mən canla-başla hazırlaşmağa davam edəcəm. Qərarı isə baş məşqçi verəcək. Çağırmasa da, hörmətlə yanaşacam.
– İkinci dəfə Qurban Qurbanov səni əfv etdi. Belə deyək, Allah üçüncüdən saxlasın?
– Hər şeydən öncə deyim ki, bunu bilərəkdən etmədim. Ancaq səhv səhvdi. İstəməyərəkdən olsa belə. Bunu boynuma alıram. Gərək 10 dəfə, hətta 100 dəfə diqqətli olum ki, səhvi təkrar etməyəm.
– Bir neçə epizodda səhvə yol verdin. Bu, həyəcanlı olmağınla əlaqəli idi?
– Sonuncu dəfə "Neftçi” ilə görüşdə oynamışdım. 4 həftəyə yaxın idi ki, meydanlara çıxmırdım. Gözlədiymdən hətta yaxşı çıxış etdim. Əvvəlki oyunlarda da səhv etmişəm. Amma bu matçdakı səhvlərim gözə görünməli idi ki, bunu da başa düşürəm.
– Bədavi Hüseynovun yoxluğunda daha çox oynayırsan. Artıq o, geri dönməyə hazırlaşır…
– Çox sevinirəm ki, geri dönür. Dostum və komanda yoldaşımdı. Bədavi olanda da çox oynamışıq. Buna ancaq sevinirəm.