Ölkə futbolu
Litovçenko azarkeşlər üçün oynayacaq
“Kəpəz”in mövsümü sonuncu pillədə başa…
“Kəpəz”in mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşsə də, komanda son matçında uğur qazanmaq niyyətindədi. Elitadan düşəcəyi xeyli öncədən bilinən gəncəlilərin legioner qapıçısı Sergey Litovçenko futbolinfo.az saytına müsahibəsində azarkeşləri buna inanmağa səsləyib.
– “Neftçi” ilə oyuna necə motivasiya olacaqsınız?
– Motivasiya maksimumdur. Ümid edirəm ki, kifayət qədər azarkeş gələcək. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik.
– “Kəpəz”dən nə zaman ayrılacaqsan?
– Hazırkı durumda sadəcə “Neftçi” ilə oyunu düşünürəm. İki fərqli ölkədən təklif var idi. Amma onlarla danışıq aparmağı dayandırmışam. Mövsümün sonuna kimi gözləmək lazımdır.
– Klub rəhbərliyi ilə görüşünüz olubmu?
– Mənim onlarla heç bir əlaqəm və ya söhbətim olmayıb. Sadəcə, hər kəs gözləyirdi ki, komanda Premyer Liqada davam etsin.
– Bundan öncəki illərdə Azərbaycan Premyer Liqasında “Kəpəz” kimi komandalar birinci diviziona çox az hallarda göndərilirdi. Klub daxilində belə söhbətlər olurdumu?
– Mən heç zaman belə söhbətlər eşitməmişəm. Hər zaman da meydana çıxıb, ən yaxşı oyunumu göstərməyə çalışmışam. Komandamın qələbəsi üçün əlimdən gələni edirdim. Çünki azarkeşlərin gözlərinə düz baxmaq üçün gücünü, canını ortaya qoymalısan. Əgər oynamırsansa, bu, düzgün deyil. Çünki biz bu komanda üçün çalışırdıq.
– “Kəpəz”lə müqaviləniz başa çatır?
– Mənim müqaviləm mövsümün sonunda başa çatır. Karyeramı davam etdirmək üçün variantlara baxacam. Heç də Azərbaycanda qalmağın əleyhinə deyiləm. Burada davam etmək istəyərəm.
AĞA