Ölkə futbolu
Milli tarixinin ən zəif heyəti
Sürpriz yoxdu. Qurban Qurbanov millinin məsul oyunları ü&c…
Sürpriz yoxdu. Qurban Qurbanov millinin məsul oyunları üçün ölkənin az-çox seçilən bütün futbolçularına dəvət göndərib. Kənarda qalan yoxdu, əksinə, yığmanın düşərgəsində məcburiyyətdən görünən bir neçə sima var.
Milli komandamızın baş məşqçisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta yığması ilə görüşlərə 4-ü legioner olmaqla 25 futbolçu çağırıb. Onların siyahısına diqqət yetirdikdə bəlli olur ki, bu yığma tarixin ən zəif kollektividi. Və təəssüf ki, reallıq belədi, milliyə dəvətə layiq olub, kənarda qalan kimsə yoxdu.
Qapıda illərdi dayanan Kamran Ağayevə yenə Səlahət Ağayev əsas rəqib olacaq. Onların əvəzedicisi Emil Balayev də elə bu cütlük kimi qeyri-sabit oyunçulardı.
Müdafiədə Maksim Medvedev – Bədavi Hüseynov cütlüyünə digər “Qarabağ”lı Rahil Məmmədov da qoşulub. Mərkəzdə bu oyunçuların yer alacağı dəqiqdi. Maksimin cinah oyunçusu olduğunu nəzərə alsaq, Bədaviylə tandemi etibarlı deyil, Rahil isə hələ bişməlidi – o, hətta çempionat matçlarında tam etibar edilən biri deyil. Bəxtiyar Həsənalızadə? Debütant öncə millidəki ab-havanı hiss etməlidi.
Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Ürfan Abbasov və Pavel Paşayev kimi cinah müdafiəçilərinin heç biri lider deyil. Amma Qurbanovun başqa seçimi yoxdu, bu adlara güvənməyə məcburdu.
Qara Qarayev “Qarabağ”dakı kimi burada da yarımmüdafiənin açar ismi olacaq. Qurbanov Coşqun Diniyevə avrokubok oyunlarında etibar etmir, milliyə dəvət isə daha yaxşı namizədin olmamasına görədi. Riçard Almeyda və Dmitri Nazarov kimi legionerlərə ümid etmək olar. Lakin razılaşaq ki, onlar əvvəlki səviyyələrində deyillər. “Astana”da əsas heyətə çətinliklə düşən braziliyalı kimi, Dima da daha klubunun lideri deyil.
Emin Mahmudov “Neftçi”nin aparıcı üzvünə çevrilməkdədi. Onun komanda yoldaşları Namiq Ələsgərov və Rəhman Hacıyev isə klubunda heyət üzü görmür. Amma milliyə dəvət etmək üçün başqası olmadığından onlar da düşərgədədi. Cavid Hüseynov cəzalı olduğundan bu mövsüm oynamayıb, Rahid Əmirquliyevin “Səbail”inin vəziyyəti göz önündədi, Cavid İmamverdiyev də ağır zədədən sonra əvvəlki formasında deyil. Qurban bəysə onların hamısına güvənmək zorundadı.
Hücum xəttində də oxşar durumdu. Mahir Mədətov avrokuboklarda uğursuz oyunları ilə yadda qalıb, Ramil Şeydayev yenicə anlaşdığı “Krılya Sovetov”a uyğunlaşmağa çalışır. Rauf Əliyev “Qəbələ”də əsas heyətə düşə bilmir, Ruslan Qurbanovun “Səbail”ə hansısa faydasını görməmişik.
Ümumiləşdirdikdə və formada olanları, az çox fərqlənənləri nəzərə alsaq, millinin heyətini təqribən bu şəkildə seçmək olar: Kamran Ağayev – Təmkin Xəlilzadə, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev – Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Emin Mahmudov, Mahir Mədətov – Ramil Şeydayev.
İndi Qurbanov bu futbolçular ilə ilə yola çıxmağa, uğur qazanmağa çalışacaq. Düzdü, rəqiblər də dünya nəhəngləri deyil, amma heyətlər açıqlananda özünüz aradakı fərqi görəcəksiz. “Latsio” daxil olmaqla, güclü Avropa klublarında oynayan kosovolular, eləcə də legionerlərdən bol maltalılar çətin rəqiblərdi. Yığmamızın daha yaxşı vaxtları olsaydı, ümidli olardıq. Baxmayaraq ki, həmin komandalar da Lixtenşteyni, Lüksemburqu sevindirmiş kollektivlər olub. Amma indiki yığma tarixin ən zəif millisidi.
Bu gün heyət heç kəsi maraqlandırmır, hamı qrup qalibi olmağı, hətta Avropa çempionatına vəsiqə istəyir. Mümkün uğursuzluq halında da məşqçilər indidən hədəf seçilib. Halbuki belə durumun yaranmasının səbəbkarı 9 aydı millidə çalışan Qurbanov yox, 10 illik fəaliyyətinin nəticəsi “0” olan AFFA rəhbərliyidi. İllər yola verilib, uşaq futboluna diqqət yetirilməyib, yeni nəsilin inkişafı üçün heç bir iş görülməyib. Bu səbəbdən ölkədə hətta 8 Premyer Liqası təmsilçisini təmin edəcək qədər yerli oyunçu yoxdu.
Və biz bu reallıqda millidən uğur gözləyirik, AFFA-nın baş katibi Elxan Məmmədov Avropa çempionatının final mərhələsinə vəsiqədən dəm vurur. Ölkə futbolunun anasını səviyyəsiz milliləşənləri yığmalara doldurmaqla ağladan Məmmədov… Millətlər Liqasının sonunda hədəf seçilməli olan baş katib… Fəaliyyəti dövründə futbol təsərrüfatımıza 2 milyarddan çox vəsait xərclənməsinə baxmayaraq, onu ən alt səviyyəyə salan Elxan bəy…
CAVAD
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın