Ölkə futbolu
“Sabah” Deviçsiz daha məhsuldardı
“Sabah” ilk “üçlük”də mö…
“Sabah” ilk “üçlük”də möhkəmlənir. Oyunlar çətin keçsə də, qollar çətinliklə vurulsa da, Elşad Əhmədov hər dəfə “bəxtimiz gətirdi” desə də…
Debütant onsuz da avrokuboklarda iştirak etməyəcək. Hətta vəsiqə qazansa da, onu özündən sonrakı komandaya bağışlayacaq. Amma komanda quruculuğu, özünəinam üçün indi göstərilən oyun, nəticələr vacibdi. 9 oyuna qazanılan 16 xal isə Əhmədovun yetirmələri üçün çox yaxşıdı.
Dünən “Zirə” yaxşı oynadı, sonuncu pillədən qurtulmaq üçün xeyli risk etdi və elə buna görə cəzalandı. “Sabah” son dəqiqələrdə qol vurmaqla həm də özünə Marko Deviçdən asılı olmadığını sübut etdi. Komandanın ilk 5 qolunu serb vurmuşdu, ötən tur Miloş Bosançiç ənəni pozdu. Bu dəfə isə yerli futbolçular da bacarığını göstərdi.
Maraqlıdı ki, əvvəlki oyunlarda “Sabah” hər oyunda bir dəfə fərqlənirdi, yalnız bir matçda Deviç dubl etmişdi. Dünən isə Məqsəd İsayevlə Cavid İmamverdiyev sanki Markosuz daha məhsuldar olduqlarını isbatladılar.
Təbii ki, Deviç önəmli oyunçudu, lakin hər şeyi ona bağlamaq olmaz. Veteran forvardın zədələnib 1 aylıq sıradan çıxdığı belə vaxtlar da olacaq. “Sabah” onsuz qələbə qazanmağı öyrənməlidi. Dünənki qələbənin əsas önəmi də bu idi – futbolçular sanki komandanın Deviçdən asılı olması haqda yaranmış mifi dağıtdılar.