Müsahibə
“Hələ də anlamıram ki, həmin oyunu niyə uduzduq” – Bilal Həmdi
“Zirə”nin fransalı yarımmüdafiəçisi Bilal …
“Zirə”nin fransalı yarımmüdafiəçisi Bilal Həmdinin futbolinfo.az saytına müsahibəsi:
– İlk dövrədə texniki məğlubiyyətlə 1 xalı əldən verdyiniz “Səbail”ə qarşı oyununuz var. Matça hazırsınız?
– Bəli, bütün həftəni bu matça hazırlaşmışıq və düşünürəm ki, qələbə qazana bilərik. Onların üçüncü yerdə olmasına baxmayaraq, bizdən ciddi üstünlükləri olmadığını düşünürəm.
– Son matçda rəqibiniz qələbə qazansa da, siz məğlub olmusunuz…
– İlk oyunlarda komandaların durumu bir-birinə yaxın olur və əlbəttə ki, hazırda psixoloji üstünlük onların tərəfindədi. Amma bizim keyfiyyətli futbolçularımız var. Son qələbə vəziyyəti bir qədər onların leyhinə edir.
– “Zirə” “Qəbələ” üzərində qələbə qazansa da, bunun davamını gətirə bilmədi. Həmin qalibiyyət sanki təsadüfi idi…
– “Qəbələ”yə qalib gəldik, daha sonra “Keşlə” ilə oynadıq. Bu günə qədər anlamıram ki, həmin oyunu biz necə uduzduq? Çünki çoxsaylı qol vəziyyətləri yaratdıq, amma bunların heç birindən istifadə edə bilmədik. Bu çatışmazlığın üzərində işləməliyik.
– “Sabah”a qarşı matçın ikinci hissəsini yaxşı keçirsəniz də, yenə məğlub oldunuz. Səncə, səbəb bəxtsizlikdirmi?
– “Sabah”la oyunun ikinci hissəsində daha yaxşı təsir bağışladıq. Bu oyuna baxdınızsa, görə bilərsiniz ki, ilk hissədə də pis deyildik. Yenə də qol vəziyyətləri yaratdıq və istifadə edə bilmədik. Təbii ki, bu futboldu və vəziyyəti dəyişmək üçün şans da lazımdı. Məğlub əhval-ruhiyyədə olanda heç də hər şey asan gəlmir. Hətta ən yaxşı oynadığın oyunlarda belə anidən səhv buraxırsan və rəqib də bunu bağışlamır. Çətin olur.
– Samir Abasov çox şeyi dəyişə bildimi?
– Bəli, komandada sistemi tamamilə dəyişdi. Onun istədiklərini yüz faiz yerinə yetirmək üçün bizə zaman lazımdı. Hazırda elə də çox vaxtımız yoxdu. Amma biz yaxşı komanda olmaq üçün doğru yoldayıq. Bir neçə oyunda uduzsaq da, məşqçi dəyişikliyi çox şeyi fərqli edib.
– “Zirə”nin heyəti sanki lazım olan oyunu göstərməyə imkan vermir. Məsələn, son oyundan sonra baş məşqçiniz Aleksand Dedovdan narazılıq etdi, Sadiq Quliyevi əvəzedici heyətə göndərib…
– Açığı, mən bunları oxumuram. Dedov və Sadiqin durumları ilə bağlı heç nə deyə bilməyəcəm.
– Öz çıxışından razısan?
– Hazırlıq müddətində zədəli idim və mənim üçün çətin idi. Amma məşqlərə başladıqdan sonra hər şey qaydasına düşüb və özümü getdikcə daha yaxşı hiss edirəm.
– Komandanın uğursuz çıxışı sonda yuxarı yerlərə çıxmaq üçün sizə nə qədər mane olacaq?
– Futbolda proqnoz vermək çətindi. Növbəti mövsümdə avrokuboklarda oynamaq üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, yaxın gələcəkdə hər şey yaxşı olacaq.
CAVAD