Ölkə futbolu
Abasovun qələbəsi
Əla qarşıdurma, amansız mübarizə idi. Meydandakı komandalar…
Əla qarşıdurma, amansız mübarizə idi. Meydandakı komandalardan birinin lider, digərinin autsayder olduğunu nəzərə alsaq, qeyri-bərabər döyüş olmalı idi. Amma son pillənin sahibi “Zirə” “Neftçi”nin meydanında elə futbol sərgilədi ki, alqışlamasaq, olmaz.
İlk qolu vurub hesabı qorumaq, artırmaq üzrə “ixtisaslaşan” “Neftçi”nin arzuları bu dəfə puç oldu. Hər dəfə məhz bunu yazırdıq – Roberto Bordin odla oynayır. İtaliyalı məşqçinin sürüşkən hesabları qorumaq taktikasının nəvaxtsa işə yaramayacağı, qarşısına ağıllı məşqçi, döyüşkən futbolçular çıxacağını vurğylayırdıq. Və Samir Abasov həmkarını məhz ağılla məyus etdi.
“Zirə”nin zədəlilərdən ibarət heyəti bu gün meydana çıxanlardan daha yaxşıdı. Və Abasov demək olar, ikinci heyətə fantastik futbol oynatdı. Həm də bunu legionerləri yerlilərlə əvəz etməklə reallaşdırdı.
“Neftçi”nin bəlli oyun üslubu, oturuşmuş heyəti var. İlk yarıda da hər şey əla gedirdi. “Ssenari”yə uyğun olaraq, bakılılar hesabı açdı. Baqali Dabo fərdi ustalığı hesabına qol vuranda hamı “Zirə”nin də eyni üsulla məğlub ediləcəyinə şübhə etmirdi. Baxmayaraq ki, “Zirə” ağıllı oynayır, top saxlamağa çalışırdı, “Neftçi”nin hücumları daha təhlükəli alınırdı. Hətta fərqi artırmaq da olardı.
Oyunun axarını Abasov dəyişdi. Düzdü, Kiril Petrovun zədələnməsi də müəyyən mənada “Neftçi” müdafiəsini sarsıtdı, amma əsas işi Samir gördü. 2 cinah yarımmüdafiəçisinin dəyişilməsi ilə “Zirə”nin qanadlarına can gəldi. Vüsal İsgəndərli ilə Mirsahib Abbasova cinah müdafiəçiləri də dəstək verincə “Neftçi” sağ-soldan zərbələr almağa başladı. Abasov ilk bir saatda rəqibin cinah oyunçularını əldən salmışdı və meydana buraxdığı sürətli yeni qüvvələr bir anda hər şeyi dəyişdi.
Tellur Mütəllibovun qolu zamanı Mirsahibin də əziyyəti vardı. Amma “Zirə” sevinməyə imkan tapmamış Mirabdulla Abbasov qolçu bacarığını göstərdi. Ən maraqlısı qonaqların hətta bu anda da ruhdan düşməməsi oldu. “Qartallar” yenə irəli atıldı və növbəti dəfə hesabı bərabərləşdirdilər. Bu dəfə də Vüsal məşqçisinin doğru əvəzetməsini isbatladı.
Qalan dəqiqələrdə də amansız mübarizə, top uğrunda sonadək döyüş, zədələnməkdən belə qorxmadan hər cür sərtlik gördük. Xal “Zirə”nin haqqı idi, lakin Bordinin qorxaqlığı da yenə göründü. Rəhman Hacıyev, Kvame Karikari kimi oyunçular vitrin üçün “Neftçi”də deyilsə, qələbə istəyən məşqçinin silahları olmalıydılar. Ya da Kamran Quliyev “Neftçi”yə prezident gələrkən Bordini yox, elə “Sumqayıt”da işləyən Abasovu özüylə gətirməliydi. İtaliyalının yox, məhz onun oynatdığı futbol “Neftçi” ruhuna daha uyğundu.
İnqilab Məmmədovun oyunun vaxtına 9 dəqiqə əlavə etməsi gözlənilən idi. Əvəzetmələr, zədələnmələr xeyli vaxt aparmışdı. Ancaq təəssüf ki, o, final fitini də səsləndirdi və baxmaqdan doyulmayan, emosiyayla zəngin oyun bitdi.
CAVAD