Ölkə futbolu
Piyada qələbəsi
“Sumqayıt” üzərindəki 6:0 hesablı qələbə &ldqu…
“Sumqayıt” üzərindəki 6:0 hesablı qələbə “Qarabağ”ı aldatmışdı. Elə bu səbəbdən Qəbələ səfəri az qala itkiylə bitəcəkdi. Ağdamlılar çempionatın “dişli” komandalarından biriylə görüşdə elə futbol oynadı ki, çempionluğa oynadığı şübhə doğurdu.
Matçdan sonra baş məşqçi Qurban Qurbanov da “Qələbə”nin məğlubiyyətə layiq olmadığını dedi. O, oyunda tempin olmamasına məntiqli izah tapmışdı: hava isti imiş. Düz deyir, “Qarabağ” günorta saat 2-də futbol oynamağa öyrəşməyib, lakin çempion üçün belə əngəllər bəhanə olmamalıdı.
Komanda faktiki meydanda gəzişirdi, sürət, temp yox idi. Sanki “Neftçi” ilə çempionluq mübarizəsi aparan komandanı yox, mövsümü yola verən ortababı izləyirdik. İstək, əzmkarlıq görünmürdü, futbolçular top saxlayıb, rəqibin səhvlərinə ümid edirdi.
“Qəbələ” də fövqəladə bir iş görmürdü. Erkən buraxılan qolun əvəzi elə ilk yarıdaca çıxıldı, qalan müddətdə komanda sadəcə, mövqeyində dayanıb monoton hücumları dəf edirdi. Ağdamlılar cərimə meydançası ətrafında gəzişir, real şans qazana bilmirdi.
Qurban Qurbanov yalnız 79-cu dəqiqədə oyuna müdaxilə və Araz Abdullayev komandanı xal itkisindən xilas etdi. Ruh kimi meydanda gəzişən, yarımmüdafiəçilər üçün boş zona açmayan, hərəkətsiz Mahir Mədətov cinaha çəkildi, Araz isə bircə hərəkəti ilə yatmış müdafiəni dağıdıb səhvə məcbur etdi. Abdulla Zubirin ötürməsindən sonra isə özünə koridor açan Araz topa ilk toxunuşundaca toru silkələdi. Beləcə Mədətovun 79 dəqiqəyə bacarmadığını Avdullayev 4 dəqiqəyə etdi.
“Qarabağ” piyada gəzə-gəzə qələbə qazandı. Bu, bir az da bəxt məsələsi idi, lakin çempionluğa oynayan komandanın heç də həmişə bəxti gətirməyəcək. Ağdam klubunun oyunçuları daha əzmkar, daha istəkli olmalıdı və hava şəraiti bəhanə olmamalıdı. Mahir isə özü düşünsün, gələn mövsüm yaş limitinə görə güzəşt görməyəcək və heyətə düşmək ona çox çətin olacaq. Araz hücumçu olmasa da, ön xətdə necə oynamaq lazım olduğunu bircə hərəkəti ilə göstərdi. Nümunə olsun…
AĞA