Premyer-liqa
Mütəxəssislər Böyük oyuna proqnoz verdilər
Sabah Topaz Premyer Liqasının 12-ci turunda "Neftçi"…
Sabah Topaz Premyer Liqasının 12-ci turunda "Neftçi" doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, futbol azarkeşlərindən başqa mütəxəssislərin də bu oyuna marağı kifayət qədərdi.
Turun mərkəzi oyunu ilə bağlı bir neçə mütəxəssisin fikirlərini öyrəndik.
Aqil Məmmədov: "Böyük oyun" həmişə böyük maraq doğurub. Bu iki komanda bir-birinə qarşı əzmkarlıqla mübarizə aparırlar. Düzdü, hazırda "Xəzər Lənkəran"ın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. Amma buna baxmayaraq, oyuna maraq böyükdü. Futboldu, hər şey ola bilər. Mən üstünlüyü "Neftçi"yə verərdim".
Vaqif Sadıqov: "Bu oyun həmişə maraqla izlənilib. Mənim fikrimcə, hər iki komanda qələbə qazana bilər. Naxçıvanda gözəl oyunun şahidi olduq. İnanıram ki, ədalətli futbol oynanılacaq. "Xəzər Lənkəran"ın durumu o qədər də yaxşı deyil. Lakin bu qələbə lənkəranlılara böyük həvəs gətirə bilər. "Neftçi" isə yenidən liderliyi qaytarmaq üçün mütləq qələbə qazanmalıdı. "Qarabağ"la olan çempionluq yarışına davam etmək üçün bakılılara 3 xal lazımdı. Bütün bunlara baxmayaraq, bu futboldu. Məncə, bu oyunda favorit yoxdu. İstərdim ki, açıq futbolun şahidi olaq. Hər iki komandanın şansını eyni səviyyədə dəyərləndirərdim”.
Şahin Diniyev: "Neftçi" və "Xəzər Lənkəran" arasındakı görüş artıq meydandan kənarda da mübahisə olunur. Bu təkcə oyun yox, həm də rəhbərlik, futbolçular və azarkeşlərin qarşıdurmasıdı. Mənim fikrimcə, azarkeşlər arasında qarşıdurma yaratmaq heç də müsbət hal deyil. Bu oyunda gərginlik daha çox olur. Təmiz futbolun şahidi olmaq istərdim. Bu oyunda kimin 3 xal qazanacağını demək çətindi. Kim daha az səhv edib, daha çox istəkli olarsa, o da qalib gələcək”.
Həmkarlarından fərqli olaraq "İnter"in baş məşqçisi Kaxaber Sxadadze fikir söyləməyi düzgün hesab etmədiyini bildirib: "Premyer Liqada iştirak edən komandanın baş məşqçisi kimi belə suallara münasibət bildirməyi düzgün hesab etmirəm".