Ölkə futbolu
Bordinlə sabah yoxdu!
“Neftçi”ni bundan pis oynatmaq mümkün dey…
“Neftçi”ni bundan pis oynatmaq mümkün deyil. Xüsusilə “Bney Yehuda” ilə müqayisədə çox güclü heyət, daha yaxşı şərait, daha yaxşı büdcə… Bakılıların Avropa Liqasında pley-offa çıxmaq üçün hər imkanı var idi.
İndi hamı Roberto Bordinə yüklənib. Başqa cür ola da bilməz, baş məşqçi mətbuat konfransında özü də səhvlərini etiraf edib. İsrail klubunun bəlli oyun tərzinə qarşı heç nə fikirləşə bilməmək acizliyin, bacarıqsızlığın göstəricisidi.
“Neftçi”nin bəlli gücü var. Bunu əvvəlki oyunlarda, xüsusilə Rusiya “Arsenal”ı ilə matçlarda gördük. Heyət qələbə üçün oynamağa, ona nail olmağa imkan verir. Sadəcə, komandanı bir nömrə kimi oynatmağı bacaran məşqçi lazımdı. Tulalılarla görüşdə favorit deyildik, əks-hücumda mümkün olanın ən yaxşısını etdik. Bordin ən yaxşı bildiyi oyun modelini tətbiq edib, nəticəyə nail oldu.
Petax-Tikvada isə qol vurmaq lazım idi. Və “Neftçi” yalnız 78-ci dəqiqədə rəqib qapısına zərbə vurmağa nail oldu. “Bney Yehuda”nın ağıllı müdafiə olunan futbolçularına qarşı bizimkilər heç nə fikirləşə bilmədi. Bu, birbaşa məşqçi bacarıqsızlığına, oyuna hazırlığın düzgün qurulmamasına işarədi. Bu azmış kimi, müdafiədə oyunun düzgün qurulmaması, xətlərarası əlaqənin biabırçı olması, oyunçuların fərd olaraq matça motivasiya edilməməsi də Bordinin vicdanına yazılmalıdı.
Cavab matçı haqda çox şey yazmaq olar. Lakin cümlələr həqiqəti dəyişməyəcək. Bu düşüncə tərzi ilə ölkə çempionatında da nəyəsə ümid etmək olmaz. Ola bilsin, bu mövsüm heç favorit “Qarabağ”a ciddi müqavimət göstərmək mümkün olmasın. Rəhbərlik islahat aparmasa, xüsusilə də məşqçi dəyişikliyinə getməsə, uğurlu sonluğa ümid etmək yersizdi.
Matçın detallarına varmaq, epizodları incələmək olar. Bu, nəyisə dəyişəcəkmi? Ölkədə hücum gücü ilə seçilən “Neftçi” İsraildə hətta təhlükəli vəziyyət yarada bilmirsə, deməli, problem komandanın özündədi. Və sabah yaxşı qapanmağı bacaran istənilən rəqib Bordini məyus edəcək. Sabahın reallığı budur.
Bakılıların düşərgəsində gərgin ab-hava var. Minimum vəzifəsi qruplarda oynamaq olan “Neftçi”nin hədəfləri çox kiçilib. Onu böyütmək üçün rəhbərlik mümkün olan hər şeyi edib, yalnız ən əsas olanı – baş məşqçini düzgün seçməyib. Qışı gözləməyə dəyməz, dekabr çox soyuq olacaq, elə indidən bir yolunu fikirləşmək lazımdı…
FƏRİD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar