Müsahibə
“Hansısa ciddi problem yoxdur” – Emin Mahmudov
“Neftçi”nin kapitanı Emin Mahmudov futbolinfo.az-a…
“Neftçi”nin kapitanı Emin Mahmudov futbolinfo.az-a müshaibə verib. O, klubun mövsümə uğursuz start verməsindən danışıb:
– Son oyunda “Keşlə” ilə 0:0-lıq heç-heçə etdiniz. Komanda yenə qələbə qazana bilmədi. Bunun səbəbini nədə görürsən?
– Aldığımız qırmızı vərəqə bizə təsir etdi. Azlıqda qaldıqdan sonra daha çox müdafiəyə diqqət etməyə başladıq. Lakin qırmızı vərəqədən əvvəl də yaxşı çıxış etmirdik. İstədiyimiz oyunu ortaya qoya bilmirdik. Düzdür, sonra daha yaxşı oynadıq. Lakin lazım olan bir qolu vura bilmədik.
– “Neftçi”nin mövsümə uğursuz start verməsinin səbəbini nədə görürsən?
– Məncə, hansısa ciddi bir problem yoxdur ki, ona görə qələbə qazana bilmirik. Ayrı-ayrılıqda bir neçə səbəb ola bilər. Hansı ki, istədiyimiz səviyyədə oynamırıq. Buna görə də bizdə çətinlik yaranır.
– Komandanın kapitanısan. Futbolçularla vəziyyət barədə danışırsan? Bəlkə hansısa psixoloji gərginlik var?
– Əlbəttə ki, onlarla söhbətim olur. Çalışıram ki, hamımız birlikdə bu vəziyyəti dəyişək. İnşallah, qarşıdakı oyunlarda daha yaxşı olacaq. Əsas yaxşı oynamaq deyil, qalib gəlmək lazımdır. Çünki yaxşı oyun deyil, qələbə bizə daha yaxşı təsir edəcək.
– Çempionluq mübarizəsinə yenidən qoşula biləcəksiniz? “Qarabağ”la artıq aranızda 10 xal fərq var…
– Bizim hazırda fikrimiz çempionluq barədə deyil, növbəti oyun haqqındadır. Qarşıdakı matçı daha çox düşünürük.
– “Qəbələ”nin son 2 matçda özünə gəldiyini nəzərə alsaq, səfər matçı çətin keçməyəcək?
– Bilirəm ki, son 2 oyunda 4 xal qazanıblar. Bu onların əhval-ruhiyyəsini yüksəldib. Yaxşı futbol oynayırlar. Amma biz hazırda rəqibi deyil, özümüzü düşünməliyik. Fikirləşməliyik, meydanda nə edək ki, qalib gələk. Bütün diqqətimizi buna yönəltməliyik.
– Azarkeşlər də komandadan inciyib. Onlara sözün nədir?
– Bizim işimiz meydançadadadır. Oyunumuzla ancaq onları stadionlara qaytara bilərik. Nəticələrimiz yaxşılaşsın, onlar da bizi dəstəkləməyə gələcəklər. Gəlsələr, çox yaxşı olar. Çünki azarkeş dəstəyi hər zaman komandaya lazımdır.
CAVAD