Premyer-liqa
“Böyük oyun”un fasiləsi zamanı qarşıdurma
Topaz Premyer Liqasının 12-ci turunun ən maraqla gözlənilən …
Topaz Premyer Liqasının 12-ci turunun ən maraqla gözlənilən qarşılaşması – “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən “Böyük oyun”da ilk hissə arxada qaldı. Futbolinfo.az xəbər verir ki, qarşılaşma öncədən də məlum olduğu kimi, “Xəzər Lənkəran” azarkeşlərinin iştirakı olmadan keçirilir.
Bu üzdən də oyun əvvəlkilər qədər maraqlı və zövqlü keçmir. Ən azından qapı arxasındakı tribunaların boşluğu, yalnız “Neftçi”nin azarkeş dəstəyi görməsi belə deməyə əsas verir.
Bu oyunu izləmək üçün “Xəzər Lənkəran”ın da 200 azarkeşi 8-ci km qəsəbəsinə təşrif buyurub. Amma öncədən də xəbər verildiyi kimi, təhlükəsizlik çox yüksək səviyyədə qurulub. Bu üzdən də onların arenaya keçməsinə imkan verilməyib. “Bakcell Arena”nın kənarında dayanıb komandalarına bu cür dəstək vermək istəyən cənublu fanatlar “Neftçi” azarkeşlərinin “Xəzər Lənkəran” əleyhinə səsləndirdiyi müxtəlif şüarlara da məhz elə stadionun bayırından cavab verməyə çalışırlar.
Matçın fasiləsində isə az qala azsaylı lənkəranlı azarkeşlərlə “Neftçi” fanatları arasında dava düşəcəkdi. Fasiləyə çıxan azarkeşlər cənublu fanatları görüncə onlara hücum etməyə çalışıblar. Amma təhlükəsizlik xidmətinin əməkdaşları ciddi qarşıdurmanın baş verməsinə imkan verməyiblər. Belədə hər iki komandanın tərəfləri sadəcə təhqirlərlə kifayətlənməli olublar.
Yeri gəlmişkən qeyd edək ki, ilk yarının sonlarında vurulmuş qol da mübahisələrə yol açdı. Bahodir Nasimovun qolunda yan xətt hakiminin kobud səhvə yol verdiyi iddia olunur. Hər halda tezliklə bu qolun qaydalar çərçivəsində vurulub-vurulmadığı bəlli olacaq.