Premyer-liqa
Şahin Diniyev: Futbolçular barədə heç bir mənfi fikir söyləmək istəmirəm
“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Pr…
“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “İnter”lə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komanda yaxşı oynadı. Həm topa nəzarət etməkdə, həm sürətli hücumlar qurmaqda istədiyimizi edə bilirdik. Müdafiədə asan qollar buraxırdıq, bu da komandanın uğurlu çıxına mane oldu. Bu gün futbolçular barədə heç bir mənfi fikir söyləmək istəmirəm. Futbolçuların bu günə olan potensialı, fiziki durumu yaxşı olmasa da, son dəqiqələrə qədər mübarizə apardılar. Komandamla fəxr edirəm, bunu deməyə utanmıram. Qapıçımızın hər üç qolda səhvləri oldu, qapıçı meydançasında topları götürə bilərdi. Bu cür səhvləri də aradan qaldırmalıyıq. Qol epizodları yaratdıq, Varea iki dəfə fərqlənə bilərdi. İkinci hissənin əvvəlində ikinci qolu vursaydıq, oyun heç-heçə başa çata bilərdi. Oyunun gedişini dəyişmək üçün ehtiyat qüvvəmiz yoxdu. Bugünkü durumda Sapela digər qapıçılarımızdan daha güclü olduğu üçün əsas heyətdə meydana çıxır. Aqil Nəbiyev iki gündü ki, xəstədi, oyundan öncə də sağlıq durumu yaxşı deyildi. Heç nəyə baxmayaraq, kişi kimi oyuna çıxdı və sona kimi mübarizə apardı”.