“Kəpəz”in yaponiyalı yarımmüdafiəçisi Ryonosuke Ohorinin futbolinfo.az saytına müsahibəsi

– Cari mövsümdə “İmişli” ilə keçirdiyiniz 3-cü oyunda da qələbə qazana bilmədiniz. Bu komanda ilə son matçınızı (0:1) necə şərh edərdiniz? “İmişli” ilə görüşlərdəki uğursuzluğun səbəbini nədə görürsünüz?

– Meydana yaxşı nəticə üçün çıxmışdıq, ancaq alınmadı. “İmişli” ilə oyunlardakı uğursuzluğa gəlincə, bu suala cavab vermək çətindir. Futboldur, burada hər şey baş verə bilər.

– “Kəpəz” son 3 oyunda turnir cədvəlinin sonlarında qərarlaşan komandalara uduzub. Halbuki bunadək ardıcıl bir neçə matçda yaxşı nəticəyə imza atmışdınız. Nəticələrinizdəki eniş nə ilə əlaqədardır?

– Cavab tapmaqda çətinlik çəkirəm. Bəzən daha güclü komandalara qarşı yaxşı oynayıb qalib gəlirsən. Bəzən isə öz səviyyəndə olan rəqiblərə qarşı yaxşı çıxış etməyib uduzursan.

– Növbəti sınaq səfərdə “Şamaxı”ya qarşı olacaq. Uğursuz gedişata bu matçda son qoya biləcəksiniz?

– Son qoyacağımıza ümid edirəm. Son matçlarda istədiyimiz nəticələr qeydə alınmadı. Uğursuz seriyanı Şamaxı səfərində bitirməyə çalışacağıq.

– Hazırda 10-cu pillədə qərarlaşan “Kəpəz”in son 5 görüşdə hədəfi nə olacaq? Sizcə, mövsümü neçənci pillədə bitirə bilərsiniz?

– Mövsümün sonu yaxınlaşır. Hazırda 9-cu yerdən 8 xal geridəyik. Buna baxmayaraq, şəxsən mən sezon bitənə qədər turnir cədvəlində bir pillə yüksəlmək istəyirəm.

– “Kəpəz”dəki fərdi performansınızı necə qiymətləndirirsiniz? Gəncə klubunda sərgilədiyiniz oyun sizi tam qane edir?

– Açığı, performansımdan razı deyiləm. Düşünürəm ki, daha yaxşı çıxış edə bilərəm.

– “Kəpəz”lə icarə müqaviləniz mövsümün sonunda başa çatacaq. Növbəti sezonu da hazırkı komandanızda keçirmək istəyirsiniz, yoxsa transfer hüququnuzun məxsus olduğu “Neftçi”yə qayıdacaqsınız?

– Bu barədə danışmaq istəmirəm. Mövsüm hələ bitməyib. Hazırda bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Vaxtı gələndə növbəti sezonla bağlı qərar verəcəyəm.

FƏRİD

Shares: