“Sumqayıt” bu gün Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “kimyaçılar”ın məşqçisi Veliçko Kaplanoviçin mətbuat konfransı olub. Serbiyalı məşqçi 1:2 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
“Bu gün təəssüf ki, oyun barədə danışmaq istəmirəm. Hakimlik barədə danışmaq olar, amma onu da istəmirəm. Rəqibi təbrik edirəm. Penalti nə ilə bağlı oldu, anlaya bilmirəm. Həmişə “Sumqayıt”a qarşı belə hallarla üzləşirik. Aydın deyil nəyə görə baş verir. Bəlkə də, əcnəbi məşqçilər olduğumuza görədir. Saşa İliçə qarşı bu artıq neçənci dəfədir. Həmçinin, mənə qarşı. Başa düşə bilmirəm də. Belə şeylərə görə xallar itiririk.
İkinci penalti barədə etirazım yoxdur, onu təhlil edəcəyik. Amma birinci penaltini başa düşə bilmirəm. Bir də, İliç heç nə demədən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Anlaya bilmirəm. Hakimin Gəncədən olması, vaxtı ilə “Kəpəz”də oynaması hamı üçün gülməlidir. Məncə, bu haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Fərqi yoxdur, hansı şəhərdəndir. Əsas odur, işə peşəkar yanaşmaq lazımdır”.
Xatırladaq ki, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç qırmızı vərəqə aldığı üçün mətbuat konfransında iştirak etməyib.






