“Turan Tovuz”un qapıçısı Sergey Samokun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 30-cu turunda “Qarabağ”a 1:2 hesablı məğlubiyyəti necə qiymətləndirirsiz?

– Yaxşı və aktiv oyun oldu. Birinci hissədə “Qarabağ” daim topa nəzarət edirdi, bizim isə demək olar ki, qol epizodlarımız yox idi. İkinci hissədə onlar öz fürsətlərindən istifadə etdilər. Şans da onların tərəfində idi. Oyunun sonunda biz daha çox hücum etməyə başladıq və qol vurmağı bacardıq, amma təəssüf ki, yalnız bir qol oldu.

– Komanda ikinci yer uğrunda vacib oyuna çıxmışdı. Bu məğlubiyyətdən sonra ikinci yer uğrunda mübarizənin artıq itirildiyini düşünürsüz?

– Mövsümün son hissəsini dəyərləndirməmək olmaz. Hazırda bütün komandalar öz hədəfləri uğrunda oynayır və “Qarabağ”ın qarşıda asan oyunlarının qaldığı görünsə də, istənilən komanda ciddi müqavimət göstərə bilər. Biz isə öz tərəfimizdən hər oyunda maksimum gücümüzü qoyacağıq, sona qədər mübarizə aparacağıq.

– “Turan Tovuz” demək olar ki, avrokuboklara vəsiqəni təmin edib. 4-cü yerdəki komandanın sizi keçməsi real görünmür. Artıq avrokuboklara hazırlaşmağa başlaya bilərsinizmi?

– İndi arxayınlaşmaq olmaz. Məşqçi bizə deyib ki, yalnız növbəti oyunu düşünək və qabaqcadan proqnoz verməyək. Ona görə də hazırda bütün diqqətimiz “Karvan-Yevlax”la oyuna yönəlib.

– Mövsümün sonuna az qalıb. Bu mövsümü özün və komanda üçün uğurlu hesab edirsiz?

– Mövsümün bitməsinə az qalsa da, hələ tamamlanmayıb. Komandamızın qarşısında konkret məqsəd var. Ən vacib oyunlar hələ qarşıdadır və onların nəticəsi çox şeyi dəyişə bilər. Mövsüm barədə yekun fikri çempionat bitəndən sonra demək daha doğru olar.

– Növbəti turda autsayder “Karvan-Yevlax”la oynayacaqsınız. Bu oyun həm də avrokuboklara vəsiqə baxımından vacibdir. Bu, sizə əlavə motivasiya verir?

– Rəqibin turnir cədvəlindəki mövqeyi önəmli deyil. Biz hər oyunda maksimum gücümüzü ortaya qoyuruq və qələbə qazanmağa çalışırıq. Hər matça yüksək motivasiya ilə çıxırıq.

ABBAS

Shares: