Sosial şəbəkələr lənət qaynadır, təhqir süzür. Hədəf eynidir – “CBC Sport”.
İradlar haqlıdır. İki idman kanalı olan ölkədə Çempionlar Liqasının yarımfinal oyunu yayınlanmırsa, tənqid etmək azdır. Ayrılan milyonlar hara və necə gedir? “CBC Sport” niyə bu qədər bərbad idarə olunur?
Hamı “Bayern” – PSJ oyununu izləmək üçün internetdə qaynaqlar axtarığı bir vaxtda “CBC Sport” “Qarabağ” – “Turan Tovuz” matçının təkrarını yayımlayır və nə efirdə, nə də telekanalın rəsmi sosial şəbəkə hesablarında heç bir elan verilmir. Nə izahat var, nə üzrxahlıq.
Sanki belə də olmalıdır. Anonusu verilən matçın egirə getməməsi müəmma olaraq qalır. “CBC Sport” rəsmi açıqlama vermədiyindən ortaya şayiələr çıxır, müxtəlif versiyalar səsləndirilir.
İkisini biz eşitmişik. Bir mənbədən aldığımız bilgiyə görə, telekanalın rəhbəri Volkan Üst az xərc çəkilməsi üçün siqnalın peyk vasitəsi ilə yox, internetlə alınmasını istəyib. Belədə siqnal qəbuledicidə problem yaranıb, internet “çöküb” və ortaya biabırçı mənzərə çıxıb. İkinci versiya isə odur ki, Çempionlar Liqasının bəzi oyunlarının “İctimai” TV-yə, milli çempionat matçlarının və bəzi yığmaların görüşlərinin “İdman” TV-yə verilməsi konflikt yaradıb. Daxili qarşıdurmalarının əziyyətini isə futbolsevərlər çəkir.
“CBC Sport”un dünənki matçın yayımlanmamasına hansı izahı verəcəyini səbirsizliklə gözləyirik.






