Dünən keçirilən oyunlardan sonra UEFA-nın əmsallar cədvəlində bəzi məsələlərə aydınlıq gəlib. Son vaxtlar əsas sual doğuran məsələ hansı ölkənin bu mövsüm ikinci nəticə göstərməsi idi.

“Rayo Valyekano” komandasının Konfrans Liqasının yarımfinalında qalib gəlməsi bütün suallara aydınlıq gətirib. “Frayburq”un finala çıxması belə Almaniyaya yetərli deyil. Artıq Almaniya bu mövsüm üçün İspaniyaya çata bilməyəcək.

İspaniya klubları bu mövsüm avrokuboklarda 8 komanda ilə iştirak edərək 22,093 bal yığıb. 7 komanda ilə iştirak edən Almaniyanın qazandığı bal isə 21,785-ə bərabərdir. Bu isə o deməkdir ki, Avropa Liqasının finalında “Frayburq” qalib gəlsə belə, ispanlara çatmaq mümkün olmayacaq.

Beləliklə, gələn mövsüm Çempionlar Liqasına 2 bonus vəsiqəni İngiltərə və İspaniya qazanıb. İngilislər bu vəsiqəni 2 mərhələ əvvəl təmin etmişdilər.Hazırda La Liqada 5-ci yerdə “Betis” klubu qərarlaşıb. İngiltərədə isə bu yerdə “Aston Villa” gedir. Birmingem klubu həm də Avropa Liqasının finalına çıxıb. Orada titul qazanacağı təqdirdə İngiltərə daha bir komandanı ÇL-ə göndərə bilər. Bunun üçün “Aston Villa” Premyer Liqada 5-ci yerdən yuxarı qalxmamalıdır.

Qeyd edək ki, “Aston Villa” 5-ci yeri tutub Avropa Liqasında titul qazansa, 6-cı yer əlavə vəsiqənin sahibi olacaq. Hazırda 6-cı yeri tutmağa əsas namizədlər “Bornmut”, “Brentford” və “Brayton” komandalarıdır. “Çelsi” və “Fulhem” komandaları da vəsiqə uğrunda mübarizəni davam etdirirlər. Lakin onlar B hərfi ilə başlayan bu komandalardan daha az xal toplayıblar.

Əlavə edək ki, bu mövsüm Azrəbaycanın topladığı əmsal 5,812-dir. Bu da Avropada 21-ci nəticədir.

Shares: