Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri yay idman növlərinin Qış Olimpiya Oyunlarının proqramına daxil edilməyəcəyini açıqlayıb.
“BOK xüsusi işçi qrupunun yaradılması təşəbbüsünü irəli sürüb və onun mövzularından biri Olimpiya Oyunlarının proqramının nəzərdən keçirilməsi prosesi olub. Xüsusilə də, qrupun üzərinə Yay Olimpiya idman növlərinin Qış Olimpiadasının proqramına daxil edilməsi məsələsini müzakirə etmək düşüb. Əminliklə söyləyə bilərəm ki, Qış Olimpiadasının proqramına heç bir yay idman növü daxil edilməyəcək”, – deyə Koventri qətiyyətlə bildirib.
Xatırladaq ki, BOK həmçinin, Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib və Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılmasının davamını təsdiqləyib.






