“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 31-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Oyundan sonra görünmədiyim üçün Rəşad Sadıqovdan üzr istəyirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə yaxşı oynadıq. Rəqibdən daha çox qol şansları yaratdıq. İkinci yarıda da rəqabətli oyun gedirdi. Son 20 dəqiqədə “Zirə” daha fəal idi. Buna görə də müdafiə olunduq. Məncə, heç-heçə ədalətli nəticədir. Bu mövsüm “Zirə”yə məğlub olmadıq. Vacib məsələ odur ki, “İmişli” öz məqsədinə nail olub. Oyunçularımı təbrik edirəm. Hər matçda mübarizə aparıblar. “Zirə”yə ölkə kubokunun finalında uğurlar arzulayıram”.






