Misli Premyer 32-ci tur formal oyunlarla başladı. Taleyi öncədən bəlli olan 3 autsayderin göstərdiyi nəticələr onların yerini dəyişmədi.

Yalnız “Kəpəz”in daha bir pillə irəliləmək baxımından qələbəs vacib idi. Amma gəncəlilər növbəti dəfə “Araz-Naxçıvan”a uduzmaqla mövsümü 10-cu pillədə bitirməklə barışdı. Azər Bağırovun yetirmələri hətta son turda da pley-off oynamaq məcburiyyəti yaradan yerə düşməyəcək. Əsasnaməyə görə xallar bərabər olduqda ilk öncə qələbə sayına baxılır ki, “Qəbələ” son turu qalib başa vursa da, bu göstəricidə “Kəpəz”dən geridədir.

“Karvan-Yevlax”ın elitanı tərk edəcəyi daha öncədən bəlli olduğundan dünənki matç komandanın azarkeşləri ilə daha yaxşı vidalaşması baxımından fürsət idi. Lakin çempionatın ən zəif komandası bunu da bacarmadı. Son ev oyununda hesabı açan meydan sahibləri “Qəbələ”nin əzmkar qələbəsinə mane ola bilmədi. Kaxaber Sxadadzenin yetirmələri buraxdıqları topa erkən cavab verdi, daha sonra qələbə qolunu vurdu.

“Qəbələ” qalib gəlsə də, komandada problemlərin olduğu aşkar görünürdü. Aşkar autsayderlə xal fərqi 10-a çatsa da, oyun keyfiyyəti istənilən kimi deyildi. Komanda toparlanmasa, I Liqanın ikincisi ilə həlledici görüşdə hər şey baş verə bilər.

Turun ilk iki oyununu nəticəsi yalnız Andrey Demçenkonu sevindirə bilər. Son 6 matçda yalnız bir xal görən ukraynalı mütəxəssis tilsimi qırdı. Ancaq “Kəpəz” üzərində qələbə çətin ki, onun postunu qorumasına imkan versin. Heç “Araz-Naxçıvan”ın özünün də gələcəyi parla görünmür. Avrokubok mübarizəsindən kənar qalan muxtar respublika təmsilçisində yayda çox şey baş verəcək.

FƏRİD

Shares: