Çempionatın sonuna daha bir tur qalıb, lakin mövsümü bitmiş saymaq olar. Son pillənin, pley-offçunun, avrokuboka gedənlərin siyahısı bəllidir. Ümumiyyətlə, 10 komandanın yarışı hansı pillədə başa vuracağı bilinir. Yalnız “Araz-Naxçıvan”la “Sumqayıt”ın arasında kimin 6-cı, kimin 7-ci olacağı müəyyənləşməyib ki, bunun da ciddi önəmi yoxdur.

Mövsüm boyu parlaq oyun sərgiləyən “Sabah” təkcə “Qızıl dubl” etmədi, həm də avrokuboklara gedənlərin tam siyahısını müəyyənləşdirdi. “Bayquşlar” ölkə kubokunun finalında “Zirə”ni yenib “Neftçi”nin Konfrans Liqasına yolunu açdı, ardınca çempionatda bu rəqibə yenilməklə nöqtəni qoydu.

“Sabah”ın “Neftçi” ilə oyuna ehtiyat qüvvəni çıxarması finaldakı yorğunluqla bağlı idi. Baş məşqçi Valdas Dambrauskasın seçimi başadüşüləndir. Oyunçuların yorğunluğu bir yana, onlara motivasiya vermək də çətin idi. Və qonaqlar bu fürsətdən maksimum yararlandı. Hətta uduzacağı halda məsələni son turda həll etmək imkanı olan “Neftçi” əlavə təşvişə yer saxlamadı.

Çempionun ehtiyat qüvvəyə güvənməsi bəlkə də “Zirə”nin ürəyincə olmadı, “Sabah” avrokuboka vəsiqə uğrunda mübarizədə nəticəyə təsir edən addım atdı. Amma qəsəbə təmsilçisinin Dambrauskasa irad tutmağa haqqı yoxdur. “Qartallar” autsayder və ortabab komandalarla görüşlərdə itirdiyi xalların acısını yaşadı. Heyət zənginliyi olmayan, liderləri özünü doğrultmayan komanda rəqabətə tab gətirmədi.

Yuri Vernidubun çətin vəziyyətdə olan komandanı böhrandan çıxarıb onu avrokuboka yüksəltməsi isə qeyd olunmalıdır. Samir Abasovdan ruhsuz komanda təhvil alan ukraynalı heyətdə heç bir güclənməyə ehtiyac duymadan vəzifənin öhdəsindən gəldi. İndi onun yayda quracağı komandadan daha artığını gözləməyə dəyər. Bakılılar mövsümlərarası fasilədə heyətin komplektləşdirilməsində daha diqqətli olmalı, hər il etdiyi səhvləri təkrarlamamalıdır.

İki illik fasilədən sonra avrokuboklara qayıdan “Neftçi” indiki klubdaxili av-havanı qorumağı bacarsa, növbəti mövsüm daha maraqlı olacaq. Lakin heyət ciddi şəkildə gücləndirilməli, faydasız oyunçular daha yaxşılarla əvəzlənməlidir. Bakılılar Abasovun vaxtında çox yüklənib, heyətdə uzunmüddətli müqaviləsi olan xeyli faydasız legioner var. Onlarla vidalaşmaq asan olmayacaq. Amma bu proses reallaşmalı, Vernidubun arzuladığı heyət qurulmalıdır.

“Zirə” də turu qələbə ilə başa vurdu. “Neftçi” ilə qiyabi mübarizəni uduzan qəsəbə təmsilçisi öz üzərinə düşən işi yaxşı gördü. “Sumqayıt” növbəti dəfə bu rəqibinə məğlub olmaqla uğursuz mövsümünə növbəti naxışı əlavə etdi. Yəqin ki, gələn həftə Saşa İliçin istefa xəbərini yazacağıq.

ABBAS

Shares: