“İlk öncə “Neftçi”ni Konfrans Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Maraqlı oyun alındı. Daha az forma şansı qazanan futbolçular meydanda idi və bu, rəqib üçün yaxşı fürsət oldu. Komanda olaraq pis çıxış etmədik. Sadəcə, buraxdığımız xırda səhvlər qapımızda qollarla nəticələndi və sonda məğlub olduq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Nicat Mehbalıyev deyib.

“Sabah”ın 25 yaşlı qapıçısı mövsümü dəyərləndirərkən bunları söyləyib: “Qızıl dubl”a imza atdıq. Açığı, emosiyalarımı sözlə ifadə etmək çox çətindir. Bu mövsüm bizim üçün həm uğurlu, həm də yaddaqalan keçdi. Hər iki cəbhədə gərgin mübarizə aparırdıq. Liqada çempion olacağımıza inanırdım, amma “Qızıl dubl”a nail olacağımızı tam düşünmürdüm. Şükürlər olsun ki, hər iki kuboku qazandıq. Komandamızın hər bir üzvü bu uğura layiq idi. Ümid edirəm ki, bu uğurlar davamlı olacaq. Bundan sonrakı əsas məqsədimiz isə avrokuboklarda qrup mərhələsində çıxış etmək və həmin həyəcanı yaşamaqdır”.

Mehbalıyev əlavə edib ki, “Sabah”da hər şey yaranan ilk gündən planlı və mərhələli şəkildə inkişaf edib: “Bütün bu prosesin sonunda çempionluğun gələcəyinə inanırdıq. Bu, üzərimizdə əlavə təzyiq yaratmırdı. Sadəcə, bizə göstərilən dəyərin və etimadın qarşılığını vermək məsuliyyəti hiss edirdik. Əslində, büdcəsindən asılı olmayaraq hər bir klub çempion olmaq istəyir. Sadəcə, bu mövsüm buna ən çox inanan və ən çox istəyən tərəf biz olduq”.

Xatırladaq ki, dünən Nicatın 90 dəqiqə meydanda olduğu görüşdə “Sabah” “Neftçi”yə 1:2 hesabı ilə məğlub oldu.

GÜNAY SÜLEYMANOVA

Shares: