Romada “Masters” turnirinə yekun vurulub. İtaliya paytaxtındakı turnir mövsümdə torpaq  kortlarda keçirilən sonuncu yarış olub.

Madriddə olduğu kimi, Romada da çempion Yannik Sinner olub. İtalyan tennisçi finalda Norveçdən olan Kasper Ruuda qalib gəlib – 6:4, 6:4.

Bu qələbəylə Sinner unikal göstəriciyə imza atıb. Tennisçi bütün “Masters”lərdə çempion olub. Tennis tarixində bunu Sinnerdən başqa yalnız Novak Cokoviç bacarıb.

Yannik ardıcıl 6 “Masters” turnirində qalib gələn ilk tennisçidir. Onun çempionluq seriyası keçən il Parisdəki “Masters”lə başlamışdı.

Əlavə edək ki, 1976-cı ildən bəri Romada ilk dəfə yerli tennisçi çempion olub.

Shares: