Misli Premyer Liqasının 32-ci turunda qapılara ümumilikdə 19 qol vuruldu. Heç-heçənin qeydə alınmadığı turun 4 oyununda ev sahibləri, 2 matçında isə qonaqlar meydanı 3 xalla tərk etdilər.
Turun qələbəsi
“Sabah” – “Neftçi” oyunu mövsümü “qızıl dubl” ilə bitirən ev sahibləri üçün formal xarakter daşısa da, qonaqlar üçün böyük önəm kəsb edirdi. 4-cü yeri tutaraq Konfrans Liqasına yollanmaq istəyən “ağ-qaralar” Masazırdan yaxşı nəticə ilə ayrılmaq istəyirdilər. “Sabah” matça ikinci heyətlə çıxmasına baxmayaraq, oyunda hesabı açan tərəf oldu. Ancaq Aleksey İsayevin 3-cü dəqiqədə vurduğu qol qonaqları həvəsdən salmadı. “Neftçi”nin cavab qolu özünü çox gözlətmədi, cəmi 7 dəqiqə sonra Andrey Ştoqrin tarazlığı bərpa etdi. Oyunun və “Neftçi”nin taleyini həll edən qol isə ikinci hissədə vuruldu. İfeanyi Metyu ilə hesabda önə keçən qonaqlar üstünlüklərini sona qədər qoruyub saxlamağı bacardılar. Bu qələbə sayəsində Yuri Vernidubun yetirmələri Konfrans Liqasına vəsiqəni təmin etdilər.
Turun darmadağını
Turun darmadağınına “Qarabağ” imza atdı. “İmişli”ni qəbul edən “köhlən atlar” ilk hissədə fərqlənə bilməsələr də, fasilədən sonra rəqib qapısından 3 cavabsız top keçirdilər. Bu qalibiyyət “Qarabağ”ın ölkəmizi Avropa Liqasında təmsil edəcəyini rəsmiləşdirdi.
Turun geridönüşü
Hesabat turu autsayderlər – “Karvan-Yevlax” və “Qəbələ”nin dueli ilə də yadda qaldı. Düzdür, bu görüş komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir etməyəcəkdi. Buna baxmayaraq, hər iki komanda meydana qələbə qazanmaq üçün çıxmışdı. İlk hissədə hesab açılmasa da, fasilədən sonra azarkeşlər 3 qola şahidlik etdilər. “Karvan-Yevlax” 54-cü dəqiqədə Olavale Doyeni ilə hesabı açsa da, qonaqlar sürətli geridönüş etməyi bacardılar və cəmi 13 dəqiqə sonra hesab artıq “Qəbələ”nin xeyrinə oldu. 56-cı dəqiqədə İbrahim Sanqare, 67-ci dəqiqədə isə Domi Massumo ilə fərqlənən “qırmızı-qaralar” Yevlaxı 3 xalla tərk etdilər.
Turun komandası
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Turan Tovuz”u qəbul edən “Şamaxı” mövsümün son ev oyununda qələbə qazanmaq istəyirdi. Meydana yüksək motivasiya ilə çıxan ev sahibləri ilk hissəni 2:0 hesabı ilə öndə bitirdilər. “Turan Tovuz” fasilədən sonra toparlanaraq status-kvonu bərpa etsə də, son sözü “Şamaxı” dedi. 83-cü dəqiqədə keçmiş komandasını cəzalandıran Abdulla Rzayevin vurduğu qolu bayram etməməsi tovuzlu azarkeşlərin alqışını qazandı. Beləliklə, “Şamaxı” iddialı rəqiblə dueldən 3 xalla ayrılan tərəf oldu.
Turun məşqçisi
“Şamaxı” – “Turan Tovuz” görüşü həm də “şirlər”in baş məşqçisi Ayxan Abbasovun Şamaxıda azarkeşlərlə vida matçı idi. Abbasovun yerli publika önündə son sınağı sabiq komandasına qarşı oldu. 45 yaşlı mütəxəssis bu sınaqdan – təcrübəli həmkarı Kurban Berdıyevlə dueldən üzüağ çıxmağı bacardı. Abbasov kimi, komandası da “Turan Tovuz” önünə yüksək motivasiya ilə çıxmışdı. Bu qələbə sayəsində “Şamaxı” xallarının sayını 38-ə çatdıraraq, 8-ci yerdə möhkəmləndi.
Turun futbolçusu
“Sabah”la oyunda “Neftçi”yə qələbə qazandıran qola İfeanyi Metyu imza atdı. “Ağ-qaralar”ın nigeriyalı yarımmüdafiəçisi 64-cü dəqiqədə Emin Mahmudovun əvəzinə meydana daxil oldu və cəmi 6 dəqiqə sonra fərqlənərək həm baş məşqçinin üzünü ağ etdi, həm də “Neftçi”ni Konfrans Liqasına daşıdı.
Turun qapıçısı
“Sumqayıt”ın qapıçısı Xəyal Fərzullayev “Zirə” ilə səfər matçında tez-tez diqqət mərkəzinə düşməyi bacardı. Düzdür, komandası meydanı xalsız tərk etdi və son saniyələrdə hakim məhz Xəyalın Davit Volkova qarşı kobud oynadığını əsas gətirərək qonaqların qapısına ikinci penaltini təyin etdi. Amma ümumilikdə Fərzullayev oyunu yaxşı keçirdi, bir neçə epizodda komandasını qoldan xilas etdi. Fakt budur ki, “Zirə”nin futbolçuları bu görüşdə Xəyala oyun epizodundan qol vura bilmədilər.
Turun qolu
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andradenin “Kəpəz”ə, “Qarabağ”ın üzvü Abdullah Zubirin isə “İmişli”yə vurduğu qol baxımlı alındı. Patrik sol ayağı ilə usta toxunuşla topu uzaq küncə göndərdi. Zubir isə cərimə meydançası həndəvərindən rəqib qapısına yol tapdı. Ancaq turun ən baxımlı qolunun müəllifi “Neftçi”nin futbolçusu İfeanyi Metyu oldu. Nigeriyalı yarımmüdafiəçi rəqib futbolçudan sıyrılaraq cərimə meydançasına daxil olan kimi əla zərbə ilə yaxın “doqquzluğu” dəqiq nişan aldı.
Turun antiqəhrəmanı
“Sabah”ın cari mövsümdəki uğurlarında böyük payı olan Coy-Lens Mikels bu tur özünə yaraşmayan hərəkətlə diqqət çəkdi. “Neftçi” ilə oyunda 73-cü dəqiqədə meydana daxil olan forvard 12 dəqiqə sonra qırmızı vərəqə aldı. Mikels gərək olmadığı epizodda topu “Neftçi”nin ehtiyat oyunçular skamyasına vuraraq aranın qarışmasına səbəb oldu. Bu hərəkəti haqlı olaraq qırmızı vərəqə alması ilə nəticələndi.
FƏRİD






