“Oyuna pis başladıq. “Sabah” çox rahat əks-hücumlara çıxırdı. Yaxşı ki, sonradan oyunu dəyişə bildik. Oyunumuz tam istədiyimiz kimi alınmasa da, nəticəyə oynadıq və istəyimizə çatdıq. Bu, bizim üçün çox vacib idi. Mövsümə pis başlamışdıq, amma sonda nəticə qazandıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Emin Mahmudov deyib.

“Neftçi”nin kapitanı Konfrans Liqasına vəsiqə qazanmalarını da dəyərləndirib: “Son iki ildə avrokuboklara vəsiqə qazana bilməmişdik və bu, bizim üçün çox ağır olmuşdu. Bu il isə daha yaxşı olmaq üçün çalışırdıq. Mövsümün ortalarında rəqiblərdən xeyli geri qalırdıq, amma sonradan fərqi bağlaya bildik. Uşaqlar çox mübarizə apardılar, böyük əziyyət çəkdilər. Baş məşqçimizə də təşəkkür edirəm. O da komandaya çox əmək sərf etdi. Yaxşı ki, sonda nəticə qazandıq. Azarkeşlərimizə minnətdaram. Pis günlərimizdə də yanımızda oldular. Bu çətin mövsümdə bizi sona qədər dəstəklədilər və sonda birlikdə yaxşı nəticə əldə etdik”.

Mahmudov zədələnərək oyunu yarımçıq tərk etməsi barədə də danışıb: “Üzüm şişsə də, ciddi problem yoxdur. Sadəcə baş-başa toqquşma oldu”.

GÜNAY SÜLEYMANOVA

Shares: