“Qarabağ”ın sabiq futbolçusu, hazırda Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən Julio Romao ona görə FİFA tərəfindən Azərbaycan təmsilçisinə transfer qadağası qoyulmasına münasibət bildirib.
Futbolinfo.az-a açıqlamasında o, bu barədə məlumatı olmadığını deyib.
Futbolçu açıqlamasında qeyd edib ki, FIFA-nın “Qarabağ”a üç transfer pəncərəsi müddətinə transfer qadağası tətbiq etməsinin və bunun sabiq klubu “Santa Klara”ya edilməli ödənişlə əlaqəli olmasının detalları barədə məlumatı yoxdur: “Bu barədə heç nə bilmirəm. Bağışlayın, amma bu, mənim işim deyil. Mənim belə məlumatım yox idi”.
“Ferentsvaroş” klubundakı vəziyyətindən də danışan futbolçu gözlədiyi qədər şans qazanmadığını etiraf edib: “Açığı, vəziyyətim yaxşı deyil. Buraya hər oyunda oynamaq üçün gəlmişdim, amma bu, baş vermir. Ona görə də gələn mövsüm nə olacağını bilmirəm”.
“Qarabağ”ın Azərbaycan çempionu ola bilməməsi barədə danışan oyunçu bunun futbolun bir hissəsi olduğunu deyib: “Bəli, çox oyun izləmişəm və düşünmürəm ki, problem var. Bəzən çempion olursan, bəzən olmursan. Bu, futbolun bir hissəsidir. Məncə, UEFA Çempionlar Liqası “Qarabağ” üçün uğurlu keçdi”.
Futbolçu gələcəkdə yenidən “Qarabağ”a qayıtmaq ehtimalını da istisna etməyib: “Bəlkə hə, bəlkə yox. Həqiqətən bilmirəm”.






