“Əldə etdiyimiz uğurlar bizə böyük ümid verir ki, gələn mövsümdən etibarən nəhayət doğma şəhərimizdə – Xankəndi şəhər stadionunda, öz azarkeşlərimizin qarşısında çıxış edə biləcəyik”.

Bunu futbolinfo.az-a açıqlamasında Azərbaycan II Liqasının çempionu olan “Xankəndi”nin idman direktoru Vasif İsmayılov deyib.

O, növbəti mövsümdə komandanın rəqiblərini yenilənmiş Xankəndi şəhər stadionunda qəbul edə biləcəyini bildirib:

“Artıq düşünürük ki, doğma şəhərimizdə oynamağın vaxtı çatıb. Rəqiblərimizi Xankəndidə, azarkeşlərimizin önündə qəbul etmək istəyirik. Xankəndinin adını layiqincə təmsil etmək, bu şəhərin ruhunu və qayıdışını bütün ölkəyə göstərmək üçün mübarizə aparırıq”.

Klub rəsmisi yaxın günlərdə çempionluq kubokunu da Xankəndiyə aparacaqlarını qeyd edib:

“Yaxın günlərdə klubumuz Xankəndi şəhərinə səfər etməyi planlaşdırır. Burada fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələrindən ibarət fan klubumuz mövcuddur və bu, bizim üçün xüsusi qürur mənbəyidir. Ümid edirik ki, gələn mövsümdən etibarən azarkeşlərimiz bizi stadionda daha gur səslə dəstəkləyəcəklər”.

V. İsmayılov komandanın I Liqada hədəflərinin də böyük olacağını vurğulayıb:

“Yaranmasından cəmi iki il keçməsinə baxmayaraq, artıq ikinci çempionluğunu yaşayan “Xankəndi” qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləyir. İlk mövsümündə Region Liqasının qalibi olan komandamız bu dəfə II Liqanın qızıl medallarını qazanaraq I Liqada iştirak hüququ əldə edib. Klubumuz bunun üçün tələb olunan lisenziyanı da alıb.
Bildiyiniz kimi, komandamız Region Liqasındakı oyunlarını və II Liqanın son “6-lıq” mərhələsinin qarşılaşmalarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda, ilk dövrənin matçlarını isə “Palms Sports Arena”nın 4-cü meydançasında keçirib. Bakıda təşkil olunan məşqlərimiz də müxtəlif stadionlarda baş tutub. İnanırıq ki, növbəti mövsüm komandamız Xankəndi şəhər stadionunda I Liqa çempionluğu uğrunda mübarizə aparacaq və Premyer Liqaya vəsiqə qazanacaq”.

Shares: