“Mövsüm ərzində bəzi oyunlarda itirdiyimiz xallar sonda komandanın vəziyyətinə təsirsiz ötüşmədi. Bu da bizim üçün böyük təcrübə oldu. İnşallah, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşacağıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Adil Şükürov deyib.
“Səbail”in baş məşqçisi son turda “Mingəçevir”ə 1:4 hesabı ilə məğlub olaraq 3-cü yeri tutmalarından və pley-offa yüksələ bilməmələrindən danışıb: “Komandanın buraxdığı ilk iki qoldan sonra toparlanaraq birinci hissənin sonunda bir qol vurduq və istəyimizə qismən nail olduq. Sadəcə, bəzi hakim qərarlarında ikili standartların olması da öz rolunu oynadı. Bunu “Şahdağ Qusar”la oyunda görmüşdüm, bu qarşılaşmada isə başlanılmış işin sonluğuna şahid oldum. Bununla belə, “Mingəçevir” yaxşı komandadır və bu oyunda istək baxımından bizi üstələdi. Qarşılaşma çox maraqlı alındı. Uzun müddətdir belə atmosferdə, azarkeş qarşısında oyuna çıxmırdım. Yadıma 90-cı illərin sonları düşdü. O vaxt meydança ilə azarkeşlər arasında heç bir maneə olmurdu. Mingəçevirdə isə təhlükəsizlik üçün tor var. Buna baxmayaraq, komandalar azarkeşlərin arasından keçərək paltardəyişmə otağına gedirdi”.
O, həmçinin Mingəçevirdəki azarkeş atmosferindən razı qaldığını vurğulayıb və hər iki komandanın tərəfdarlarına təşəkkür edib: “Mingəçevir azarkeşlərinə təşəkkür edirəm. Hər iki komandaya və yaxşı oyuna görə dəstəklərini göstərdilər. Onu da qeyd etməliyəm ki, Bakıdan bizi dəstəkləmək üçün gələn azarkeşlərimiz sona qədər komandanın yanında oldular. Hətta oyundan sonra çoxsaylı “Mingəçevir” azarkeşlərinin arasında komandaya dəstəklərini sözün həqiqi mənasında nümayiş etdirdilər. Bu dəstəyə görə orada olan bütün “Səbail” azarkeşlərinə komandanın adından dərin təşəkkürümü bildirirəm”.
Şükürov I Liqa barədə də fikirlərini bölüşüb: “Birinci Liqada oyunlar həmişə çox ağır mübarizə şəraitində keçir. Bu liqada çıxış edən futbolçuların bəzilərində ən böyük problem davamiyyətin olmamasıdır. Yəni eyni səviyyəli oyunu davamlı şəkildə sərgiləyə bilmirlər. Bunun aradan qalxması üçün belə qarşılaşmaların daha çox keçirilməsi vacibdir. İnanıram ki, gələcəkdə bu cür oyunların sayı artdıqca həm futbolçular, həm də məşqçilər daha çox inkişaf edəcəklər”.
Baş məşqçi yekunda bunları əlavə edib: “Düşünürəm ki, bəzi oyunlarda itirdiyimiz xallar sonda çempionatı 3-cü pillədə başa vurmağımıza səbəb oldu. Futbolçular mövsüm ərzində çox güc sərf etdilər və bir neçə dəfə müsbət istiqamətdə dəyişiklik etməyi bacardılar. Amma bayaq da qeyd etdiyim kimi, ən böyük çatışmazlığımız davamiyyətin istədiyimiz səviyyədə olmaması idi. Gələn mövsümlə bağlı görüş olacaq. İlk növbədə rəhbərliklə danışdıqdan sonra hər şey dəqiqləşəcək”.
GÜNAY SÜLEYMANOVA






