“İlk olaraq azərbaycanlı futbolçularla çıxış etməyi düşünürdük. Lakin zaman keçdikcə əlimizdəki resursların məhdud olduğunu gördük. Xüsusilə hücum və müdafiə xəttində istədiyimiz səviyyədə oyunçu tapmaq çətin idi. Üstəlik, yerli futbolçuların süni qiymət artımı da bizi bu fikirdən uzaqlaşdırdı. Uzun illərdir Azərbaycan futbolunun içindəyəm və futbolçuların təxmini dəyərini yaxşı bilirəm. Buna görə də böyük ehtimalla heyətimizdə legionerlər yer alacaq”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şəfa”nın vitse-prezidenti Əfran İsmayılov deyib.

Klub rəsmisi yeni vəzifəsi ilə bağlı fikirlərini də bölüşüb:

“Çox məsuliyyətli bir yükün altına girmişik. “Şəfa” rəhbərliyinə təşəkkür edirəm ki, bu etimadı mənə göstərdilər. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, həm klubumuz, həm də Azərbaycan futbolu üçün faydalı olaq. “Araz-Naxçıvan” rəhbərliyinə də minnətdaram ki, bu təklifə müsbət yanaşdılar və mənim ayrılmağıma şərait yaratdılar. Orda həm məşqçi, həm də idarəçi kimi çox dəyərli təcrübə qazandım. Xüsusilə Zaur Axundov ilə işləmək mənim üçün xoş idi. O, ambisiyalı, istəkli və daim qalibiyyət düşünən bir insandır. Mənə hərtərəfli dəstək olub. Qazandığım bu təcrübədən “Şəfa”da maksimum yararlanmağa çalışacağam. Əsas məqsədim idmanın inkişafına töhfə vermək, klubla akademiya arasında sağlam əlaqə qurmaq və peşəkar idarəetmə sistemi formalaşdırmaqdır. Komandanın maliyyə, struktur və strategiya baxımından daha da inkişaf etməsini istəyirik. İnşallah, əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

İsmayılov komandanın gələcək hədəflərindən də danışıb:

“Sevindirici haldır ki, qısa müddətdə I Liqaya, ordan da Premyer Liqaya yüksəldik. Premyer Liqa isə tamam fərqli atmosferdir. Çalışacağıq ki, əzmkar, iddialı, istəkli və xarakterli komanda formalaşdıraq. Gücümüz çatdığı qədər yüksək mövqelər uğrunda mübarizə aparacağıq. Premyer Liqaya hazırıq və zamanla bunu hər kəs görəcək. Görüləsi işlərimiz çoxdur. Sağlam, təmiz və intizamlı bir bünövrə qurmaq istəyirik. “Şəfa” üçün faydalı olacaq hər addımı atmağa çalışacağıq. Layihələrimiz uzunmüddətlidir. Gələcəkdə öz stadionumuza sahib olmağı və klubu daha da böyütməyi planlaşdırırıq”.

Sonda o, Premyer Liqaya yeni yüksələn komandaların yaşadığı çətinliklərə də toxunub:

“Premyer Liqaya ilk dəfə yüksələn komandaların müəyyən problemlərlə üzləşməsi normaldır. Çünki ilk mövsümdə təcrübə çatışmazlığı olur. Amma mən çalışmışam ki, ətrafıma keyfiyyətli insanlar toplayım və bu cür problemləri minimuma endirək. Məqsədimiz bütün proseslərə nəzarət edib, növbəti mövsümlərdə daha da iddialı komanda olmaqdır”.

GÜNAY SÜLEYMANOVA

Shares: