2025/26 mövsümündə II Liqa ilə bağlı pley-off görüşünün keçirilməsi barədə qərar qəbul edilib.
Futbolinfo.az xəbər verir ki, mövsümü II Liqada 12-ci pillədə başa vuran “Araz Saatlı” və 10-cu yeri tutmasına baxmayaraq, növbəti mövsüm üçün II Liqa lisenziyası ala bilməyən “Göygöl” klubları liqanı tərk edəcək.
Beləliklə, Region Liqasında yüksək yerləri tutmuş və II Liqa tələblərinə cavab verərək lisenziya əldə etmiş iki klub — Region Liqasının qalibi “Zəngəzur” və finalçısı “Marafon” 2026/27 mövsümündə II Liqada iştirak etmək hüququ qazanıb. 2025/26 mövsümündə II Liqanı 11-ci pillədə başa vuran “Ağstafa Gəncləri” komandası isə Region Liqasının bürünc medalçısı — “Biləsuvar” komandası ilə II Liqaya vəsiqə uğrunda pley-off oyununda qarşılaşacaq.
2026/2027-ci illər mövsümü üzrə II Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri müəyyənləşib. Görüş 29 may saat 16:00-da Yevlax şəhər stadionunda təşkil olunacaq. “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşdə VAR sistemi tətbiq olunacaq. Görüş Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.






