“Premyer liqada çalışan baş məşqçilərin hər biri ilk dəfə başlayanda təcrübəsiz olublar. Təcrübəni isə işləyərək qazanırsan. Kollektivi yaxşı formalaşdıranda istər-istəməz uğura nail olursan”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Elgiz Kərəmli deyib.
“Şəfa” ilə yollarını ayıran baş məşqçi bildirib ki, Premyer Liqada debüt etməyi gözləyirmiş: “Premyer Liqada baş məşqçi kimi “Şəfa”da debüt edəcəyimi gözləyirdim, lakin fərqli qərar verildi. Baş məşqçisi olduğum klubda köməkçi kimi davam etməyim mümkün olan bir şey deyil. Mənim öz məqsədim isə baş məşqçi kimi işimi davam etdirməkdir. Çünki hər zaman hədəfim Premyer Liqada baş məşqçi kimi işləmək olub”.
Mütəxəssis vaxtilə “Şəfa”dan gələn təklifi layihənin perspektivinə görə qəbul etdiyini söyləyib: “Şəfa”dan təklif gələndə yaxşı bir layihə olduğunu görüb qəbul etdim və düşündüm ki, məqsədimə bu klubda uğurlu nəticələr qazanaraq çata bilərəm. Hər bir insanın məqsədi və ambisiyası olur. Mənim də ambisiyam baş məşqçi kimi fəaliyyət göstərməkdir. Burada hər hansı prinsipiallıqdan söhbət gedə bilməzdi. Premyer Liqa üçün komanda ilə bağlı artıq plan hazırlayıb klub rəhbərliyinə təqdim etmişdim. İnkişafı isə zaman göstərəcəkdi”.
Sonda gələcək karyerası barədə danışan Kərəmli iddialı klublardan gələcək təkliflərə açıq olduğunu bildirib: “Premyer Liqa və ya Birinci Liqanın iddialı klublarından təklif gələrsə, dəyərləndirməyə hazıram”.
GÜNAY SÜLEYMANOVA





