Basketbol üzrə Yunanıstan çempionatında final seriyasının ilk oyununda “Panatinaikos” əzəli rəqibi “Olimpiakos”a 76:82 hesabı ilə məğlub olduqdan sonra vəziyyət yenə də məcrasından çıxıb.

Adəti üzrə “Panatinaikos” düşərgəsində hakim idarəçiliyi ilə bağlı narazılıq səngimək bilmir. Klub təmsilçiləri qarşılaşmada hakimlərin qərarlarının nəticəyə təsir etdiyini iddia ediblər.

Oyundan sonra Afina klubunun türkiyəli baş məşqçisi Ergin Ataman sərt çıxışı ilə diqqət çəkib: “Matçın nəticəsi 82:76 kimi görünür, amma bu, həqiqəti əks etdirmir. Əsl hesab 29:5 idi. Olimpiakos 29, biz isə cəmi 5 sərbəst atış yerinə yetirdik. Yunanıstan və Serbiya mediası yazmağa davam etsin ki, Ergin Ataman Avropanın ən pis məşqçisidir, ən yaxşı hakimlər isə sizin tərəfinizdədir. Türkiyədə həftəlik yayımlanan çox məşhur seriallar var. İnsanlar hər həftə həmin serialların yeni bölümünü səbirsizliklə gözləyir və izləyirlər. Bilirəm ki, yunanlar da serial izləməyi sevirlər. Buradakı final seriyası da sanki bir televiziya serialı kimi keçir. Yəqin ki, azarkeşlər bu qarşılaşmaları da film və ya serial kimi izləyirlər”.

“Panatinaikos”un prezidenti Dimitris Yannakopoulos da hakimlərin idarəçiliyini kəskin tənqid edib: “Çox təəssüf. Avroliqanı qazanmış bir komandamız varkən belə hakimlik görmək həqiqətən üzücüdür. Nə isə, sözlərimi diqqətlə seçməliyəm, yoxsa yenə məni yenə də cəzalandıracaqlar”.

Shares: