“Futbolda elə məqamlar olur ki, onları hər zaman ictimaiyyət qarşısında tam şəkildə izah etmək mümkün olmur. Bəzən müəyyən açıqlamalar fərqli yozula və ya kiminsə qüruruna toxuna bilər. Elə bir dövr oldu ki, haqqımda mənfi fikirlər səsləndirildi və bu ölkədə qazandığım müsbət imicə zərər vurmağa cəhd edildi. Nəyi nəzərdə tutduğumu insanların anlayacağına əminəm. Bəzi hallarda məni mənfi obrazda təqdim etməyə çalışdılar, amma yalan məlumatlar reallığı dəyişə bilməz. Mətbuatda yayılan məlumatlar mənim kim olduğumu müəyyən etmir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”dan ayrılan Kristian Avram deyib.
Moldovalı qapıçı “Araz-Naxçıvan”a təşəkkür edib: “İlk növbədə, birlikdə keçirdiyimiz vaxta görə kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və azarkeşlərə təşəkkür etmək istəyirəm. Mövsümün sonunda müqaviləm başa çatdı və gələcəyim üçün bunun ən doğru qərar olduğunu düşündüm. Eyni zamanda, “Araz-Naxçıvan”a nəvaxtsa qayıtmaq ehtimalına da açığam. Gələcəyin nə gətirəcəyini heç vaxt bilmək olmaz. Kluba qarşı yalnız müsbət hisslər bəsləyirəm. Bu komandadakı hər bir insana hörmət edirəm. Onların bir çoxuna dəstək olmuş, kömək etmişəm”.
Avram klubda keçirdiyi dövrü uğurlu hesab etdiyini vurğulayıb: “Araz-Naxçıvan”da keçirdiyim vaxtdan razıyam. Burada çox insan tanıdım. Onların bir çoxu ilə dostluq münasibəti qurdum, bəziləri ilə isə çox yaxın dost olduq. Bu dövr mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan vacib təcrübə oldu. Birlikdə çox rəqabətli liqada 3-cü yeri tutduq. Klub tarixində ilk dəfə Avropa kuboklarına vəsiqə qazanaraq yazılan tarixçənin bir hissəsi oldum. Yaxşı insanlarla işləmək və yüksək səviyyədə mübarizə aparmaq imkanı əldə etdim. Xüsusilə, bütün bu müddət ərzində sabitliyimdən, peşəkarlığımdan və işimə sadiqliyimdən məmnunam”.
Qolkiper gələcək karyerası ilə bağlı da danışıb. O bildirib ki, əsas məqsədi ambisiyalı layihənin bir hissəsi olmaqdır: “Hazırda diqqətimi özüm və karyeram üçün ən doğru qərarı verməyə yönəltmişəm. Prioritetim ambisiyalı bir kluba qoşulmaqdır. Layihə mənə uyğun olarsa, müxtəlif ölkələrə və liqalara açığam. Azərbaycan futboluna və liqasına böyük hörmətim var. Orada keçirdiyim vaxtdan zövq aldım və gələcəkdə geri qayıtmaq ehtimalını istisna etmirəm. Əgər başqa bir Azərbaycan klubundan maraqlı təklif gəlsə, onu mütləq dəyərləndirərəm. Mənim üçün ən vacib məsələ rəqabət səviyyəsi, sabitlik və müntəzəm oyun praktikası arasında düzgün balans tapmaqdır. Həmçinin, davamlı oynaya biləcəyim və inkişafımı davam etdirə biləcəyim bir mühitdə olmaq da çox önəmlidir”.
GÜNAY SÜLEYMANOVA






