“Araz-Naxçıvan” “Sumqayıt”ın yolu ilə gedir. Muxtar respublika təmsilçisi də klubdakı prezident postunu futbolçu transferi ilə məşhurlaşan, daha çox agent kimi fəaliyyət göstərən Ceyhun Sultanova tapşırdı.

Beləliklə, “Sumqayıt”ın menecer-prezidenti bu adı tək daşımayacaq. Artıq naxçıvanlıların da menecer-prezidenti var. Bu klubun bütün transfer məsələlərinə təkbaşına qərar verən, qışda yersiz məşqçi dəyişikliyi ilə komandanın uğursuz çıxışında birbaşa rol oynayan Sultanov indi rəsmən klubda əsas söz sahibidir.

Əlbəttə, Ceyhun bəy külli-ixtiyar sahibi olmayacaq. Çünk klubun əsas idarəçisi Zaur Axundovdur. Futzal Federasiyasının, həmçinin Naxçıvan Futbol Federasiyasının prezidenti olan Zaur bəyin icazəsi olmadan klubda quş da uça bilməz. Lakin o, rəsmən burada post tuta bilmədiyindən adamlarını imza sahibi edir.

Buna qədər “Araz-Naxçıvan”ın prezidenti Zaur bəyin qardaşı Ramin Axundov idi. Lakin o, “başqa işlərin meneceri” olduğundan hazırda axtarışdadır. Belədə Sultanov rəsmi qərarla postundan azad olunmayan şəxsin əvəzinə kreslo sahibi olacaq.

Əsas məsələ sözügedən iki klubun eyni təfəkkürlə idarə olunmasıdır. Həm Rəfiyev, həm də Sultanov illərdir “futbolçu alveri” ilə məşğuldur və onlar üçün pul hər şeydən, hətta klubdakı işindən də önəmlidir. Təsadüfi deyil, hər birinin başqa klublarda, rəqib komandalarda belə bir neçə futbolçusu çıxış edir.

“Sumqayıt”la “Araz-Naxçıvan” həm də AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun Azərbaycn futbolundakı son qalalarıdır. Onun əmrləri ilə idarə olunan digər klublar yavaş-yavaş təmizlənib/təmizlənir. Hazırda yalnız bu iki klubda Məmmədovun əlaltıları qalıb, onların da fəaliyyət istiqamətləri futboldakı niyyətlərinin mahiyyətini açır.

Bizi qarşıda maraqlı proseslər gözləyir. “Araz-Naxçıvan” bu təyinatla himayədarlarının futboldakı varlığının ömrünü bir qədər uzatdı. Amma sabah Sultanov özü Axundovun iradəsinin əleyhinə getsə təəccüblənməməliyik. Çünki Zaur bəy qardaşı ilə bağlı son olaylardan sonra ciddi nüfuz sarsıntısı keçirib və hər an ofsaydda qala bilər. Belədə Ceyhun bəy yeni sponsorlar tapıb kluba sahiblənmək istəyəcək.

FƏRİD

Shares: