“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, serbiyalı tennisçi Novak Cokoviç ispaniyalı Rafael Nadal və isveçrəli Rocer Federer ilə birlikdə idman, texnologiya və ya bizneslə bağlı layihələrdə əməkdaşlıq etməkdən məmnun olacağını bildirib.
“Heç bir kənar müdaxilə və diqqət yayındıran məqam olmadan, yalnız üçümüzün bir araya gəlməsini, əyləşib hər şey haqqında danışmağı çox istərdim: bir-birimizə qarşı oynayarkən nələr hiss etdiyimiz, bir-birimiz haqqında nələr düşündüyümüz barədə. Əminəm ki, o masa arxasında danışılacaq çox şey olardı. Əlbəttə ki, mən tennis, idman, texnologiya və ya hər hansı digər layihələr sahəsində onlarla biznes qurmağa və əməkdaşlıq etməyə də hər zaman açığam.
Həm kortda, həm də kortdan kənarda stereotipləri qırmağı və mövcud vəziyyətə meydan oxumağı sevirəm. Öz sahələrində liderliyini sübut etmiş ən təcrübəli və uğurlu insanların müşayiəti ilə digər sahələri, digər bazarları və digər sənayeləri araşdırmaq istəyirəm”, — deyə Cokoviç “Punto de Break” nəşrinə müsahibəsində bildirib.
