ABŞ-də Vyetnam müharibəsi veteranları və bir qrup fəal iyunun 14-də Ağ Evin Cənub çəmənliyində keçirilməsi planlaşdırılan “UFC Freedom 250” turnirinin ləğvi tələbi ilə məhkəməyə müraciət ediblər.
Virciniya ştatından olan veteran Pol Romano və fəal Syuzan Duqlas adlı iddiaçılar hesab edirlər ki, tədbirin keçirilməsi qanunvericiliyə ziddir. Onların fikrincə, ABŞ prezidenti Donald Tramp UFC-yə və təşkilatın rəhbəri Dana Uayta Ağ Ev və Linkoln Memorialından kommersiya məqsədli idman tədbiri üçün istifadə etmək imkanı verib. Məhkəmə iddiasında qeyd olunur ki, federal torpaq sahəsində təşkil ediləcək tədbirdən UFC əhəmiyyətli maliyyə gəliri əldə edəcək və bu, mövcud qanunlarla ziddiyyət təşkil edir.
Duqlasın sözlərinə görə, ABŞ-ın ən mühüm simvollarından hesab olunan məkanların özəl şirkətin istifadəsinə verilməsi yolverilməzdir: “Prezident Amerikanın ən hörmətli iki abidəsini özəl korporasiyanın istifadəsinə verib ki, özü və müttəfiqləri bundan qazanc əldə etsin. Bu, korrupsiyadır. Bu abidələr bütün amerikalılara məxsusdur, nə Dana Uayta, nə sponsor şirkətlərə, nə də Donald Trampa”.
İddiaçılar məhkəmədən turnirin keçirilməsinin qarşısının alınmasını və qanunun tətbiq edilməsini tələb edirlər. UFC və Ağ Ev tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.






