Bu ildən etibarən Formula 1 İspaniya Qran-Prisinə ev sahibliyi edəcək yeni “Madring” trası bu axşam rəsmən təqdim olunacaq. İspaniya televiziya kanalı “Telemadrid”in məlumatına görə, tras bir gün əvvəl FIA tərəfindən yoxlanılıb.
FIA-nın mütəxəssisləri tam asfaltlanmış 5,4 kilometrlik trasa baxış keçiriblər. Tədbir çərçivəsində 3-cü döngədə bayraq qaldırma mərasimi, ardınca layihə səfiri və “Vilyams” pilotu Karlos Saynsın mətbuat konfransı keçiriləcək. Madrid Muxtar İcmasının prezidenti, şəhər meri Xose Luis Martines-Almeyda və FIA nümayəndələrinin iştirakı gözlənilir.
Trasın idman infrastrukturunun artıq tamamlandığı da bildirilib. Komandalar tərəfindən istifadə ediləcək tras və pitlər tam hazırdır. Növbəti aylarda təşkilatçılar tribunalar quraşdırmağı və VIP zonalar hazırlamağı planlaşdırırlar.
Madridin yeni trasında ilk İspaniya Qran-Prisinin 11-13 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.






