“Qarabağ”ın Fabian Buntiç və Leandro Andrade ilə yollarını ayırdığını açıqlaması an məsələsidir. Hər iki oyunçu ilə bağlı qərar verilib.

Futbolinfo.az xəbər verir ki, Buntiç ağdamlıları azad gent kimi tərk edəcək. Bir illik müqaviləsi qalan qapıçı ilə qarşılıqlı razılıq əldə olunub. O, Portuqaliya “Farense”si ilə 3 illik müqavilə bağlayacaq.

Andrade ilə bağlı vəziyyət fərqlidir. Cinah hücumçusu daha yaxşı maaş təklifi aldığı “Polissye”yə gedir. Ukrayna klubu “Qarabağ”ın tələb etdiyi transfer haqqını ödəməyə razılaşıb. Yalnız xırda detalların dəqiqləşməsi qalıb. Ukraynalılar 2,8 milyon avronu ödəyən kimi oyunçuya qovuşacaq. Lakin Leandro şəxsi müqaviləsini tam razılaşdırmadığından məsələ ləngiyir.

Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayıran, Elvin Cəfərquliyevlə Abbas Hüseynovu əsas heyətdən kənarlaşdıran “Qarabağ” transferləri də dayandırmır. Zakaria Savo, Jali Muaddib, Samuel Lobato və Bruno Lanqanın keçidi açıqlanıb. Martin Zlomisliç isə tezliklə düşərgəyə qoşulacaq. Ağdamlılar hazırda 3 transferin həlli üzərində də fəal çalışır. İyunun sonunadək onlarla bağlı yekun qərar olmalıdır. Baş məşqçi Qurban Qurbanov bu transferlərdən hansınınsa alınmamasını nəzərə alaraq ehtiyat variantlar haqda da düşünür.

Bununla belə, heyətdə olan faydasız legionerlərin heç də hamısı yola salınmayıb. Onlardan biri olan Aleksey Kaşukun taleyi qeyri-müəyyəndir. Həm oyunçu, həm də klub ayrılıq qərarı verib. Amma vidanın rəsmiləşməsi üçün konkret addımlar atılması yubanır.

O dəqiqdir ki, “Qarabağ” bu yay heyətini indiyə qədər görmədiyimiz həddə yeniləyir. Görünür son mövsümdə çempionluğun əldən verilməsi klub rəhbərliyini buna məcbur edib. Yenilərin heyətə uyğunlaşma prosesi erkən başa çatsa, yenidən güclü “Qarabağ” görə biləcəyik. Çünki gətirilən oyunçuların hamısının karyerası daha yaxşı olmağa ümid verir.

Shares: