“Qarabağ”ın yeni transferlərindən olan fransalı vinger Jali Muaddib “Zirə”yə qarşı keçirilən yoxlama oyunundan (4:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
– “Qarabağ”a gəlişiniz necə alındı?
– Kiprdə oynayırdım. Təklif gələrkən ailəmlə danışdım. Ailəm də razılıq verdi. Təbii ki, “Qarabağ”ı tanıyırdım. Çünki son illər avrokubokılarda mütəmadi oynayır. Bu kluba qoşulduğum üçün şadam.
– Başqa təklifəriniz var idi?
– Bəli, var idi.
– “Qarabağ”a keçidinizdə həlledici amil hansı oldu?
– Bir gün ərzində “Qarabağ”a “hə” cavabını verdim. Dediyim kimi, klub mütəmadi Avropada oynayır, strukturu bəllidir, baş məşqçi uzun illərdir çalışır. Bütün bu məqamlar müsbət qərar verməyimə təsir göstərdi.
– Qurban Qurbanovla danışığınız olubmu, sizdən gözləntiləri nədir?
– Uzun danışığımız olmayıb. Amma bilirəm ki, məndən Kiprdə son mövsümdə oynadığım kimi çıxış gözləyir. Mən də əlimdən gələni edəcəm ki, komandama kömək edim, qazanılacaq uğurlarda pay sahibi olum.
– “Qarabağ”da ilk oyuna çıxdınız. Adaptasiyanız necə gedir?
– Sözsüz ki, təzə kluba gələndə müəyyən dərədəcə çətinlik çəkirsən. Komanda yoldaşlarım yaxşıdır. Hamı mənə kömək etməyə çalışır. Mən də öz növbəmdə əlimdən gələni edirəm ki, kollektivə daha tez uyğunlaşım.
– Azərbaycan çempionatı haqda məlumatınız var? “Qarabağ”dakı hədəfləriniz nədir?
– İkinci Zubir olmaq istəyirəm (gülür). Azərbaycan çempionatı barədə məlumatım var. “Qarabağ” ötən mövsüm mənə maraq göstərmişdi. Danışıqlara başlayanda “Qarabağ”ın oyunlarını izlədim. Bilirəm ki, Azərbaycan çempionatında “Neftçi”, “Sabah” kimi kimi komandalar var. Maraqlı olacaq.
– Avropa Liqasında sizi uzaq İslandiya səfəri gözləyir. Rəqib haqda nə deyə bilərsiniz?
– Hazırda “Vestri” haqda geniş məlumatımız yoxdur. Təbii ki, bilirik, kuboku qazanıblar, sonra ikinci liqaya düşüblər. Amma istənilən halda avrokuboklarda zəif rəqib olmur. Hər bir komandaya qarşı ciddi hazırlaşmaq və oynamaq lazımdır (qol.az).






