Meksika millisinin qapıçısı Qilyermo Oçoa peşəkar futbolçu karyerasını başa vuracağına işarə edib.

Qapıçı altı dünya çempionatının iştirakçısıdır. Oçoa DÇ-2006 və DÇ-2010-da oynamasa da, Meksika komandasının iştirak ərizəsində yer alıb. Qilyermonun 40 yaşı var.

“Mənim ilk oyunum “Asteka”da baş tutmuşdu. Son oyunum da burada oldu. Bu, karyeramın gözəl bir son səhifəsi idi. Hamıya təşəkkür edirəm”, — deyə tanınmış jurnalist və insayder Fabritsio Romanonun “X” sosial şəbəkəsindəki səhifəsində Oçoanın sözlərindən sitat gətirilir.

DÇ-2026 ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Son dünya çempionu, 2022-ci ildə Qətərdə keçirilən finalda Fransa millisini oyunsonrası penaltilər seriyasında məğlub edən Argentina yığmasıdır. Əlavə edək ki, Meksika millisi hər 3 oyunda qalib gələrək pley-of mərhələsinə vəsiqə əldə edib.

Shares: