“Albaniya və Koreyadan təkliflərim var idi. Sadəcə bəzi səbəblərə görə getmədim”. Bunu futbolinfo.az saytına açıqlamasında “Zirə”dən “Araz-Naxçıvan”a transfer olunan Rövlan Muradov deyib.

29 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşamaq fürsətinin yarandığını bildirsə də, keçidin baş tutmamasının maliyyə məsələləri ilə bağlı olmadığını vurğulayıb: “İki gün əvvəl iki klubdan təklif aldım. Hansı klublar olduğunu menecerim bilirdi. Getməməyim maddi məsələ ilə bağlı deyildi. Şəxsi səbəblərlə əlaqədar bu keçid mümkün olmadı. Təbii ki, istəyim ilk növbədə legioner həyatı yaşamaqdır”.

Muradov “Araz-Naxçıvan”a keçidində “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun da dəstəyinin olduğunu qeyd edib: “‘Araz-Naxçıvan”dan zəng gəldi, danışdıq. Fikirlərimiz üst-üstə düşdü və razılaşdıq. Mənim üçün ən uyğun seçim bura oldu. “Zirə”dən ayrılmağımın əsas səbəbi oynamamağım idi. Rəşad müəllimlə də danışığımız oldu. Çox sağ olsun, mənə yeni klublarla danışıq aparmaq üçün şərait yaratdı”.

Qeyd edək ki, Rövlan Muradovla “Araz-Naxçıvan” arasında imzalanan müqavilənin müddəti 1 ildir.

Shares: