Formula 1-in 11 komandasının rəhbərləri artıq bu gün Bəhreyn və Səudiyyə Ərəbistanında təxirə salınmış mərhələlərin təqvimə qaytarılmasını müzakirə edə bilərlər.

“Mundo Deportivo”nun yaydığı məlumata görə, rəsmi olaraq bu görüş mövzusu açıqlanmayan və mövsümün təqvimi ilə bağlı olmayan başqa bir məsələyə həsr olunub. Buna baxmayaraq, komanda rəhbərlərinin ləğv edilmiş yarışlar mövzusuna da toxunacağı gözlənilir.

Mənbə qeyd edir ki, Formula 1 rəhbərliyi tələsik qərarlar vermək niyyətində deyil. Təşkilatçılar regionda əldə olunmuş son atəşkəs razılaşmasından sonra Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edəcəklər və bir neçə həftədən sonra məsələnin yekun müzakirəsinə qayıtmağı planlaşdırırlar. Çempionat rəhbərliyi təxirə salınmış iki mərhələdən ən azı birini təqvimə qaytarmağa ümid edir. Sıx qrafik və məhdud sayda boş tarixlərin olması səbəbindən hər iki yarışın eyni vaxtda bərpa edilməsi ehtimalı az hesab olunur.

Ən real variant kimi Bəhreyn Qran-prisinin Azərbaycan və Sinqapur mərhələləri arasındakı boş pəncərəyə (2-4 oktyabr) keçirilməsi göstərilir. Səudiyyə Ərəbistanı Qran-prisinin isə mövsümün son hissəsinə planlaşdırılması imkanları nəzərdən keçirilirdi. Lakin belə bir ssenarinin reallaşması üçün Las-Veqas Qran-prisinin tarixlərini dəyişmək lazım gələrdi ki, bu da logistika baxımından həmin variantı xeyli mürəkkəbləşdirir.

Shares: