“Ən böyük hədəflərimdən biri Azərbaycan milli komandasında davamlı olaraq yaxşı şəkildə çıxış etməkdir”. Bu sözləri Futbolinfo.az saytına açıqlamasında Abdulla Rzayev deyib.
24 yaşlı müdafiəçi ötən mövsümün ilk yarısını “Turan Tovuz”da, ikinci yarısını isə icarə əsasında “Şamaxı”da keçirməsini belə dəyərləndirib:
“Ötən mövsümün ilk yarısını “Turan Tovuz”da keçirdim. Cəmi iki oyunda şans qazandım və həmin görüşlərdə də öz mövqeyimdə yox, müdafiənin sol cinahında çıxış etdim. Təbii ki, hər futbolçu kimi mən də daha çox oynamaq istəyirdim. Birinci dövrədən sonra Ayxan Abbasov məni “Şamaxı”ya dəvət etdi və öz mövqeyimdə oynamaq imkanı verdi. Mən də göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışdım. Düşünürəm ki, həmin müddət mənim üçün faydalı oldu”.
Rzayev hazırkı durumu və gələcəyi ilə bağlı bunları deyib:
“Hazırda müqavilə ilə “Sabah”a məxsusam. Gələcəkdə nə olacağını hələ ki deyə bilmərəm. Hazırda bütün diqqətimi məşqlərə və öz üzərimdə işləməyə yönəltmişəm. Öz oyunum haqqında danışmağı xoşlamıram. Həm güclü, həm də zəif tərəflərim var. Zəif cəhətlərimi daha da inkişaf etdirmək üçün daim üzərimdə çalışıram. İnanıram ki, bu, gələcəkdə mənə daha çox kömək edəcək”.
GÜNAY SÜLEYMANOVA
