Heyətində ciddi islahatlar aparan “Şamaxı” legioner futbolçu transferlərinə başladı. Dünən sol cinah müdafiəçisi Joao Oliveyranı (Jota) heyətinə qatan bölgə təmsilçisi ilk real addımı atdı.

Futbolinfo.az xəbər verir ki, bu, baş məşqçi Azər Bağırovun seçimlərindən yalnız birincisidir. Çalışdırıcı 8 yeni legioneri bəyənb və onların hamısı ilə razılıq əldə olunub. Şamaxılılar sözügedən oyunçuların keçidini bir-bir açıqlayacaq.

Bölgə təmsilçisi dünənədək yalnız yerli bazarda fəal idi. Komanda Uğur Cahangirov (“Karvan”), Emin Rüstəmov (“Karvan”), Sənan Muradlı (“Sumqayıt”, icarə), Ceyhun Bağırzadə (“Qəbələ”), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev (“Difai”), Emil Süleymanov (“Qəbələ”) və Nicat Qaragözlünü (“Neftçi”) heyətinə qatmışdı. Abdulla Seydəhmədovla Həbib İsmayılov isə yen müqavilə bağlamışdı.

“Şamaxı”nı hələlik Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Alfonso Msanqa, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau tərk edib. Lakin bu siyahının genişlənmək ehtimalı var. Belə ki, bölgə təmsilçisi qapıçı Rikardo Fernandesi satmaq üçün variant axtarır.

Maraqlıdır ki, Bağırov ötən mövsüm heyət üzü görməyən Abdullahi Şuaybunu komandada saxlamaq qərarına gəlib. Onun az maaşa qane olduğu üçün saxlanılması başadüşüləndir. Lakin o da var ki, legionerlərə görə rüsum tətbiq edilr və bu Şuaybu say artımına görə komandanı xərcə salacaq.

Shares: