“Sabah”ın arxayınlaşmadığı, eyforiyaya qapılmadığı ilk dəqiqələrdən hiss olundu. Bakıda qazanılan 2:0 hesablı qələbəyə baxmayaraq, təmsilçimiz səfərdə də TNS-ə şans verməyəcəyini göstərdi.

Hədəfi Çempionlar Liqasında yola davam etmək, ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olan “bayquşlar” işi ciddiyə almışdı. Baş məşqçi Valdas Dambrauskas ən doğru taktikanı seçmiş, futbolçuları motivasiya etməyi bacarmışdı.

Ev oyununda hər şey ikinci hissədə həll olunmuşdusa, Masazır təmsilçisi Uelsdə fasiləyədək məsələyə nöqtə qoydu. Ardıcıl iki qoldan sonra növbəti mərhələni düşünən, qüvvəsinə qənaət edən “Sabah” istəyinə çatdı. Meydan sahibləri son dəqiqələrdə fərdi səhvdən sonra təsəlli qolunu vursa da, yekun nəticə dəyişmədi.

Təmsilçimiz hər iki oyunda qələbə qazanmaqla həm ölkənin, həm də özünün reytinq xallarını artırdı ki, bu da çox vacibdir. Yeganə təəssüf doğuran məqam təmsilçilərimizin bu mövsüm avrokuboklarda ilk qolunu buraxmasıdır. Amma bu, əvvəl-axır baş verməli idi. 3 komanda 4 oyuna 10:1 hesabı ilə üstündür və bu, mövsümə əla start deməkdir.

Doğrudur, komandalarımızın püşkdə bəxti gətirib. Amma bu hədiyyədən istifadə etmək də məharət tələb edir. “Sabah” ilk rəqibi keçdi, indi növbə evdə 3:0-a sevinən “Zirə” ilə “Qarabağ”ındır.

“Sabah” bu gündən növbəti oyun barədə düşünə bilər. Təmsilçimizdən fərqli olaraq KuPS az qala arxayınlığın qurbanı olacaqdı. Səfərdə qazandığı iki top fərqi ilə üstünlüyü qoruya bilməyən finlər əlavə vaxtda ayıldı. Lakin elə bu fakt da “Sabah” üçün siqnaldır. Deməli, rəqib xarakterli komandadır, istədiyi vaxt lazım olan qolları vura bilir. Təmsilçimiz daha irəli getmək üçün mütləq növbəti qələbələri sıralamalıdır.

FƏRİD

Shares: