Çempionlar Liqasında debüt edən “Sabah” ilk missiyanın öhdəsindən rahatlıqla gəldi. Bakıda Uelsin TNS klubunu 2:0 hesabı ilə üstələyən “bayquşlar” cavab matçında 2:1 hesablı qalibiyyətə sevindilər. Beləliklə, həm növbəti reytinq xalları, həm də ÇL-in ikinci təsnifat mərhələsinə vəsiqə qazanıldı.
Hələ ilk görüşdən sonra “Sabah”ın TNS-i səfərdə də məğlub edə biləcəyini vurğulamışdıq. Hər nə qədər uzaq səfərə yollanmaları və qarşılaşmanın süni örtüklü meydançada keçirilməsi faktorları olsa da, bunların Masazır təmsilçisinə problem yaratmayacağını qeyd etmişdik.
Gözlənildiyi kimi, Valdas Dambrauskasın komandası cavab oyununda da ilk dəqiqələrdən üstünlüyü ələ keçirdi. Ənənəvi 4-2-3-1 taktiki sxemi ilə meydana çıxan “Sabah”ın heyətində Bakıdakı matçla müqayisədə bir fərq var idi. Birinci oyunda qırmızı vərəqə alan Stiv Solveni bu yay Portuqaliyanın “Maritimu” klubundan transfer edilən 26 yaşlı braziliyalı mərkəz müdafiəçisi Erivaldo Almeyda əvəzləmişdi.
İlk 12 dəqiqədə iki dəfə diqqət mərkəzinə düşən Coy-Lens Mikelsin erkən qol vurmaq istəyinə əvvəlcə rəqib qapıçı, sonra isə qeyri-dəqiqliyi mane oldu. Bununla belə, çox keçmədi ki, “Sabah”ın qoleadoru məqsədinə çatdı. 27-ci dəqiqədə “bayquşlar” əla kombinasiya qurdular: Lepiniçanın başladığı, Puxaçın davam etdirdiyi hücumun yekununda Maludanın ötürməsini Mikels dəqiq zərbə ilə qola çevirdi. Hissənin sonlarında isə Puxaçın kornerdən havalandırdığı topu Rəhman Daşdəmirov sol ayağı ilə qapıdan keçirdi. Milli komandamızın da üzvü olan Rəhmanın TNS-ə qarşı hər iki matça ilk “11-lik”də çıxması, üstəlik, cavab oyununda qol vurması ikiqat sevindirici haldır.
Fasilədən sonra da üstünlük tam olaraq “Sabah”ın tərəfində idi. Hətta komandanın aparıcı üzvləri meydandan çıxandan sonra da bakılılar oyuna diktə edirdilər. Ancaq birinci yarıdan fərqli olaraq, ikinci hissədə “Sabah” qol epizodlarını boşa verdi. Əvəzində görüşün sonlarında TNS təsəlli qolunu vurdu. Zedadkanın yanlış ötürməsi Lokun qapımıza vurduğu qolla nəticələndi. Bunu yeganə üzücü məqam saymaq olar. Onu da qeyd edək ki, bu qola qədər Azərbaycan klubları cari mövsümdə avrokuboklarda qapılarında top görməmişdilər. İstənilən halda, iki oyunun nəticəsinə görə əldə edilən 4:1 hesablı ümumi üstünlük “Sabah”ın rəqibini səviyyə baxımından açıq-aşkar qabaqladığını göstərdi. Çempionlar Liqasında yoluna davam edən “bayquşlar” ən pis halda Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni də rəsmiləşdirmiş oldular.
ÇL-də növbəti rəqib Finlandiyanın KuPS klubudur. KuPS Şimali Makedoniya təmsilçisi “Vardar”ı çətinliklə mübarizədən kənarlaşdırdı. İlk oyunda 2:0 hesablı qələbə qazanan finlandlar cavab görüşünün əsas vaxtında eyni hesabda uduzdular. Əlavə 30 dəqiqədə isə vəziyyəti öz xeyirlərinə çevirə bildilər. Nəticədə 2:3 hesabı ilə uduzsalar da, ümumi hesabda (4:3) qalib gələrək, “Sabah”a rəqib olublar. Ancaq “KuPS” çempionumuzla müqayisədə daha çox güc sərf etdiyi üçün iyulun 21-də Bakıdakı görüşdə yorğunluq problemi yaşaya bilər.
Yorğun olmasalar belə, “Sabah” KuPS səddini də keçə biləcək gücdədir. Dambrauskas rəqibin güclü və zəif tərəflərini futbolçulara aşılayacaq. Yetirmələri onun dediklərini meydanda icra edə bilsələr, Masazır təmsilçisi bu mərhələni də keçəcək. Amma “Sabah”ın oyununda bəzi zəif məqamlar da gözə çarpır. Komandaların oyundan-oyuna artırdığını nəzərə alsaq, bu nüanslar qarşıdakı matçlarda aradan qalxmalıdır.
Bir də “Sabah” heyətinə mütləq yeni futbolçular cəlb etməlidir. Bakı klubu avrokuboklarda uğurlu çıxış etmək və Azərbaycan çempionluğunu qorumaq istəyirsə, ehtiyat qüvvəsi də yetərli olmalıdır. İndiki halda bu baxımdan bir qədər çatışmazlıq hiss olunur. Klub rəhbərliyi daha 2-3 yeni transferlə mövcud çatışmazlığı aradan qaldıra bilər.
FƏRİD
