Türkiyə millisinin şərəfini qoruyan, vaxtilə idman vətəndaşlığını Kubadan Türkiyəyə dəyişən 26 yaşlı diaqonal hücumçu Melisa Varqas yenidən diqqət mərkəzinə düşüb.
O, qadın voleybolçular arasında Millətlər Liqasının ilkin mərhələsinin üçüncü həftəsinin ən dəyərli oyunçusu (MVP) seçilib.
Qeyd edək ki, Varqas ikinci həftənin də ən dəyərli voleybolçusu adına layiq görülmüşdü. İlk həftənin MVP-si isə Türkiyə millisinin digər üzvü – kənar hücumçu Yaprak Erkek olmuşdu.
Xatırladaq ki, bu nominasiyanın qalibi azarkeşlərin səsverməsi əsasında müəyyənləşdirilir.
Türkiyə millisi qadın voleybolçular arasında Millətlər Liqasının ilkin mərhələsini turnir cədvəlində 4-cü pillədə başa vurub. Komanda ABŞ, İtaliya və Braziliya yığmalarından geri qalıb.
Türkiyə yığması 1/4 finalda tarixində ilk dəfə turnirin “Final səkkizliyi”nə yüksələn Kanada millisi ilə qarşılaşacaq.
