Ötən mövsümə uğursuz başlayan, Yuri Vernidubun baş məşqçi postuna gəlişindən sonra isə yüksələn qrafik cızan “Neftçi” yekunda avrokuboklara yollanmaq məqsədinə çatdı. Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “ağ-qaralar” mübarizəyə turnirin ikinci təsnifat mərhələsindən start verəcəklər.

Paytaxt təmsilçisi “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Sileks”in ilk görüşdə 1:0 hesablı səfər qələbəsinə sevinməsi Şimali Makedoniya klubunun “Neftçi”yə rəqib olmaq ehtimalını xeyli artırır.

Keçən sezon bitən kimi, digər klublarımız kimi, “Neftçi”nin də heyətində bəzi yenilənmələr baş verdi. Komandadan ayrılan futbolçular oldu. “Neftçi”nin yetirməsi Murad Məmmədov Kiprin “Pafos” klubuna keçdi, Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinin başa çatan müqavilələri yenilənmədi. Daha sonra ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə yollar ayrıldı.

Əvəzində baş məşqçi Yuri Vernidubla yeni müqavilə bağlandı. “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Hafiz Zeynalov və baş icraçı direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin sözləşməsinin müddəti 2028-ci ilin yayına qədər uzadıldı.

Futbolçulardan isə ilk olaraq Elvin Camalovun müqaviləsinin müddəti uzadıldı. Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik sözləşməyə qol çəkildi. Daha sonra kapitanlarla anlaşmanın müddəti artırıldı. Emin Mahmudovla 1+1, Emil Balayevlə isə 2 illik yeni sövdələşmə imzalandı.

Qapıçı Rza Cəfərovu icarəyə verdiyi “Qəbələ”dən geri qaytaran “Neftçi”nin bu yay ilk transferi isə Rüfət Abbasov oldu. “Şamaxı”nın heyətindəki parlaq oyunu ilə əsas milliyə də dəvət alan Rüfət yetirməsi olduğu “ağ-qaralar”a döndü. Sol cinah müdafiəçisi ilə 3 illik müqavilə bağlandı. O, paytaxt klubunda 3 nömrəli formanı geyinəcək.

Ardınca ilk yeni legioner heyətə cəlb edildi. Braziliyalı yarımmüdafiəçi Qustavo Klisman bakılılarla 2+1 illik anlaşmaya qol çəkdi. 26 yaşlı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək. Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.

Daha sonra “Neftçi”nin qapıları Endryu Qravilyonun üzünə açıldı. Qvadelupalı müdafiəçi ilə 2 illik müqavilə imzalandı. 28 yaşlı futbolçu “ağ-qaralar”da 55 nömrəli formanı geyinəcək. Karyerası ərzində İtaliya, Fransa və Türkiyə liqalarında oynamış Qravilyon Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

“Neftçi”nin bu yay heyətinə qatdığı hələlik sonuncu – 4-cü futbolçu Lyubomir Tuptadır. Slovakiyalı hücumçu ilə 2+1 illik müqaviləyə qol çəkildi. 28 yaşlı futbolçu yeni komandasında 29 nömrəli formanı geyinəcək. Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Transfer çalışmalarını davam etdirən “Neftçi”nin yeni mövsümə hazırlıq prosesinə də toxunaq. Hazırlığın birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçən “ağ-qaralar” iyunun 29-dan iyulun 14-dək isə Sloveniyanın Moravske Toplitse şəhərində təlim-məşq toplanışında oldular.

“Hotel Livada Prestige”də məskunlaşan bakılılar bu mərhələdə 4 yoxlama görüşü keçirdilər. Vernidubun yetirmələri həmin görüşlərdən 3-də məğlub olub, birində qalib gəlib. İlk matçda Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesablı məğlubiyyət qeydə alındı, “Neftçi”nin heyətində yeganə qolu Bassala Sambu vurdu. İkinci görüşdə Serbiya təmsilçisi “Partizan”a 0:1 hesabı ilə uduzan “ağ-qaralar” ardınca bu ölkənin digər komandası – “Radniçi NİŞ” üzərində 3:0 hesablı qələbə qazandılar. Breno Almeydanın dubl etdiyi qarşılaşmada digər qola Ağadadaş Salyanski imza atdı. “Neftçi” Sloveniya toplanışındakı sonuncu yoxlama matçında isə Xorvatiyanın “Osiyek” komandasına 0:1 hesabı ilə uduzdu.

“Neftçi”nin hazırlıq prosesinə, heyətindəki dəyişikliklərə ilkin olaraq komandanın Konfrans Liqasındakı çıxışına əsasən qiymət verəcəyik. Yeni mövsümdə həm avrokuboklarda, həm də daxili yarışlarda iddiasını ortaya qoymaq istəyən “ağ-qaralar”ın performansı, həqiqətən də, maraqla gözlənilir. Hər kəs bakılılardan keçən sezondakı irəliləyişin davamını gözləyir.

İndi bakılılar görülən işlərin hesabatını vermək, həmçinin hədəflərini bəyan etmək üçün azarkeşlərin və mətbuatın önünə çıxır. İyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq açıq məşqin səbəbi budur. Komandanın hazırlığını canlı izləmək istəyənlər üçün giriş sərbəst olacaq. Açıq məşq zamanı baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq də təşkil ediləcək.

ABBAS

Shares: