UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Bolqarıstan futbolunun ən məşhur və titullu klublarından biri olan ÇSKA-dır. Paytaxt Sofiyanı təmsil edən klub ölkə futbolunun simvollarından hesab olunur və təkcə daxili yarışlardakı uğurları ilə deyil, Avropa kuboklarında yazdığı tarixlə də tanınır.
Mərkəzi Ordu İdman Klubu mənasını verən ÇSKA 5 may 1948-ci ildə rəsmi olaraq yaradılıb. Bununla belə, klubun tarixi 1923-cü ildə fəaliyyətə başlayan hərbi idman kollektivlərinə qədər uzanır.
Komanda ev oyunlarını “Bolqar Ordusu” stadionunda keçirir, qırmızı-ağ rəngləri ilə çıxış edir və ən prinsipial rəqibi Sofiyanın digər nəhəngi “Levski”dir. Bu komandalar arasındakı qarşılaşmalar isə Bolqarıstanda “Əbədi derbi” adlanır.
ÇSKA indiyədək 31 dəfə Bolqarıstan çempionu olub, 22 dəfə ölkə kubokunu qazanıb və Avropa Çempionlar Kubokunda iki dəfə yarımfinala yüksələn yeganə Bolqarıstan klubudur.

Klubun formalaşması bir neçə hərbi komandanın birləşməsi ilə bağlıdır. İkinci Dünya müharibəsindən sonrakı illərdə müxtəlif adlarla fəaliyyət göstərən kollektiv 1948-ci ildə bugünkü ÇSKA-nın əsasını qoydu. Elə həmin il ilk Bolqarıstan çempionluğunu qazanan komanda sonrakı onilliklərdə ölkə futbolunda dominant qüvvəyə çevrildi.
1950-ci illərin ortalarından 1960-cı illərin əvvəllərinədək ÇSKA tarixinin ən uğurlu dövrlərindən birini yaşadı. Klub ardıcıl 9 dəfə ölkə çempionu oldu ki, bu rekord uzun illər qırılmadı. Məhz həmin illərdə komanda Avropa Çempionlar Kubokunda da ilk ciddi uğurlarını qazanaraq qitənin ən güclü kollektivləri sırasında adından söz etdirməyə başladı.
1967-ci ildə ÇSKA ilk dəfə Avropa Çempionlar Kubokunun yarımfinalına yüksəldi. İtaliyanın “İnter” klubuna yalnız əlavə həlledici oyunda məğlub olan bolqarlar Avropa futbolunda ciddi rəqib kimi qəbul edilməyə başladılar. Bir neçə il sonra isə klub tarixinin ən yaddaqalan nəticələrindən birinə imza ataraq, dövrün əfsanəvi “Ayaks”ını turnirdən kənarlaşdırdı. Ardınca isə “Bayern” ilə yaddaqalan 1/4 final qarşılaşmaları keçirdi.
1980-ci illər ÇSKA-nın beynəlxalq arenada növbəti yüksəliş dövrü oldu. Komanda əvvəlcə Avropa çempionu “Nottingem Forest”i mübarizədən kənarlaşdırdı, daha sonra isə ikinci dəfə Çempionlar Kubokunun yarımfinalına qədər irəlilədi. Bu mərhələdə yenə münhenlilərlə üz-üzə gələn Sofiya təmsilçisi ilk oyunda möhtəşəm mübarizə göstərsə də, cavab görüşündə uduzaraq final arzusunu gerçəkləşdirə bilmədi. Buna baxmayaraq, həmin nəticə bu günə qədər Bolqarıstan klub futbolunun Avropadakı ən böyük uğurlarından biri hesab olunur.
1985-ci ildə ölkə kubokunun finalından sonra baş verən qalmaqallı hadisələr Bolqarıstan futbolunda böyük rezonans doğurdu. Hakimlik ətrafında yaranan mübahisələr və meydandakı insidentlərdən sonra hakimiyyət həm ÇSKA-nı, həm də “Levski”ni ləğv edərək başqa adlarla yenidən təşkil etdi. Bir il sonra isə bu qərar ləğv olundu və klublar əvvəlki statuslarına qaytarıldı.
1989-cu ildə UEFA Kuboklar Kubokunun yarımfinalına yüksələn ÇSKA həmin turnirdə “Barselona”ya uduzsa da, məhz o oyunlardan sonra katalonların baş məşqçisi Yohan Kroyff Xristo Stoiçkovu transfer etmək qərarına gəldi. Bu keçid həm bolqar futbolunun, həm də futbolçunun karyerasında dönüş nöqtəsi oldu.
Kommunist rejiminin süqutundan sonra klub maliyyə və idarəetmə baxımından çətin dövr yaşasa da, yenə də ölkə çempionluqları qazandı. 1990-cı illərdə Yordan Leçkov, Dimitar Berbatov, Martin Petrov, Stilian Petrov kimi futbolçular məhz ÇSKA-da parlayaraq Avropaya yol açdılar. 2005-ci ildə klub tarixində 30-cu çempionluğunu qazandı, növbəti mövsüm isə UEFA Çempionlar Liqasında “Liverpul”u “Enfild”də 1:0 hesabı ilə məğlub etməyi bacardı. UEFA Kubokunda isə “Bayer”i mübarizədən kənarlaşdırdı.

2008-ci ildə ÇSKA 31-ci çempionluğunu qazansa da, maliyyə problemləri səbəbindən UEFA-dan lisenziya ala bilmədi və Çempionlar Liqasında iştirak hüququnu itirdi. Klub uzun müddət ciddi maliyyə böhranı yaşadı, sonradan vəziyyəti sabitləşdirməyi bacardı və yenidən Bolqarıstan futbolunun aparıcı qüvvələrindən birinə çevrildi. Bu gün də ÇSKA həm zəngin tarixi, həm də Avropa təcrübəsi ilə “Qarabağ”ın qarşısına çıxacaq ən nüfuzlu rəqiblərdən biri hesab olunur.
Bəli, “Qarabağ” bu oyunlarda bir qədər tərləyəcək. Şimali İrlandiyanın “Derri Siti” klubunu hər iki oyunda məğlub edən komanda ilə görüşdə ağdamlılar son illərdə avrokuboklarda uğurlu çıxışına və heyət amilinə arxalanmamalıdır. Ona qalsa, rəqibin tarixi daha böyükdür. Bu oyunda hər şey sıfırlanacaq.
TAHİR MİRZƏ